"Nature Communications" jurnalında dərc olunan yeni araşdırma kişilərdə qərarvermə, impulsların idarə olunması və risk qiymətləndirilməsinə cavabdeh olan beyin nahiyələrinin orta hesabla 32 yaşına qədər inkişaf etməyə davam etdiyini göstərib.
Manset.az-ın Milli.az-a istinadən məlumatına görə, nevrololoq dr. Oğuzhan Onultan bildirib ki, fiziki inkişafın başa çatması beyin inkişafının da tamamlanması demək deyil. Onun sözlərinə görə, xüsusilə planlaşdırma, məntiqi qərarvermə, diqqət, emosiyaların tənzimlənməsi və sosial davranışlara cavabdeh olan prefrontal korteks daha gec yetkinləşir.
Mütəxəssis qeyd edib ki, kişilərdə boy artımı və cinsi inkişaf adətən 18-20 yaşlarında başa çatsa da, beynin yüksək idrak funksiyalarına cavabdeh hissələrinin inkişafı daha uzun müddət davam edir. Bu səbəbdən bəzi gənc kişilərdə riskli davranışlara və impulsiv qərarlara meyl daha çox müşahidə oluna bilər.
Bununla yanaşı, araşdırmada vurğulanır ki, 32 yaş qəti hədd deyil. Beyin inkişafı fərddən-fərdə dəyişir və genetik xüsusiyyətlər, təhsil, həyat təcrübəsi və ətraf mühit kimi amillər bu prosesə əhəmiyyətli təsir göstərir.
Dr. Onultan əlavə edib ki, beynin inkişafı 32 yaşdan sonra da tam dayanmır. Neyroplastiklik sayəsində beyin öyrənmə, yeni təcrübələr, fiziki aktivlik və zehni məşqlər vasitəsilə həyat boyu yeni sinir əlaqələri yaratmağa davam edir.
Bu nəticələr kişilərin davranış xüsusiyyətlərini daha yaxşı anlamağa kömək etsə də, fərdlərin psixoloji və ya sosial yetkinliyini yalnız yaşa əsasən qiymətləndirmək düzgün deyil.