Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hüquqpozmaların qarşısının alınması və ictimai asayişin təmin edilməsi məqsədilə növbəti əməliyyat-profilaktik tədbirlər keçirilib.
Manset.az xəbər verir ki, tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı səkkiz fakt aşkarlanıb. Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və digər səbəblərdən axtarışda olan beş nəfər saxlanılıb, 15 cinayətin üstü "isti izlər"lə açılıb.
Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 32, xırda xuliqanlıq və xırda talama ilə əlaqədar isə 60 fakt müəyyən edilib.
Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı sərxoş vəziyyətdə avtomobil idarə edən üç sürücü barəsində inzibati tədbir görülüb. Gecə saatlarında yüksək səs-küy yaradaraq sakinlərin istirahətini pozan 23 motosiklet sürücüsü də inzibati məsuliyyətə cəlb edilib.
Həmçinin Masazır qəsəbəsində avtoxuliqanlıq hərəkətləri törədən "Lada" markalı avtomobilin sürücüsü K.Qarayev, eləcə də narkotik vasitənin təsiri altında avtomobil idarə edərək yol-nəqliyyat hadisəsi törədən və hadisə yerindən qaçmağa cəhd göstərən "Chevrolet" markalı avtomobilin sürücüsü S.Əhmədov saxlanılıblar.
Məhkəmənin qərarı ilə K.Qarayevin sürücülük hüququ bir, S.Əhmədovun isə iki il müddətinə məhdudlaşdırılıb. Sonuncu barəsində əlavə olaraq inzibati həbs tənbeh tədbiri tətbiq edilib. Bundan başqa, nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz dəyişiklik edən 14, çoxavazlı səs siqnalından istifadə edən bir sürücü barəsində də inzibati tədbirlər görülüb.