Oktyabrın 8-də Azərbaycan Dillər Universitetində Bakı Türkologiya Qurultayı və Qazi Universitetinin 100 illiyi, ADU-nun 80 illiyi münasibətilə IV Beynəlxalq Türk dili və ədəbiyyatının tədrisi simpoziumu keçirilib.
Manset.az xəbər verir ki, açılışdan öncə simpozium iştirakçıları universitetin foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Simpoziumda “Gaudeamus” tələbə himni səsləndirilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla simpozium iştirakçılarını və qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb.
Simpoziumun Türkoloji bayram kimi qarşılandığını bildirən rektor Türk dili və ədəbiyyatının tədrisi məsələlərinə həsr olunan belə beynəlxalq elmi platformaların müxtəlif ölkələrin alim və tədqiqatçıları arasında elmi əlaqələrin inkişafına, fikir və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
Qeyd olunub ki, simpoziuma maraq böyükdür. Belə ki, dünyanın bir sıra ölkələrindən olan alimlər, gənc tədqiqatçılar və mütəxəssislər tədbirdə iştirak edərək elmi araşdırmalarını təqdim etmək, bilik və təcrübələrini bölüşmək, həmçinin qarşılıqlı əməkdaşlıq imkanlarını genişləndirmək imkanı əldə edəcəklər.
İlk dəfə olaraq bu cür geniş tərkibdə iştirakçıların yer aldığı simpoziumun tarixi əhəmiyyətindən və perspektivlərindən söz açan rektor bildirib ki, tədbirin miqyası və iştirakçı coğrafiyasının genişliyi onun elmi və mədəni əhəmiyyətini daha da artırır.
Qeyd edilib ki, müxtəlif ölkələrdən tanınmış alimlərin, gənc tədqiqatçıların və mütəxəssislərin bir araya gəlməsi Türk dili və ədəbiyyatının tədrisi ilə bağlı yeni elmi yanaşmaların müzakirəsinə geniş imkan yaradır.
Rektor vurğulayıb ki, simpoziumun nəticələri gələcəkdə yeni elmi layihələrin, birgə tədqiqatların və beynəlxalq əməkdaşlıq təşəbbüslərinin həyata keçirilməsi üçün mühüm zəmin formalaşdıra bilər.
Kamal Abdulla simpoziumun ən mühüm perspektivlərindən birinin gənc alim və tədqiqatçıların bir-biri ilə tanış olması, qarşılıqlı elmi əlaqələr qurması və gələcək əməkdaşlıqlar üçün yeni imkanlar əldə etməsi olduğunu diqqətə çatdırıb.
Həmçinin vurğulanıb ki, simpoziuma ölkənin müxtəlif universitetlərindən, təhsil müəssisələrindən olan alimlər, ziyalılar, mütəxəssislər qatılıblar.
Bildirilib ki, iştirakçılar arasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən, Təhsil İnstitutundan, AMEA-dan, ADPU-dan, BDU-dan, BSU-dan, UNEC-dən, BAU-dan, BXA-dan, GDU-dan, NDU-dan, Bakı Biznes məktəbindən və Hədəf liseyindən olan nümayəndələr yer alıb.
Tədbirin keçirilməsindən göstərdiyi dəstəyə və diqqətə görə Yunus Əmrə İnstitutuna təşəkkürünü bildirən rektor, simpoziumun iştirakçılarına uğurlar arzu edib.
Simpoziumda ümumilikdə qırxdan çox xarici qonağın iştirak etdiyini vurğulayan rektor onların müxtəlif ölkələri təmsil etdiyini və tədbirin beynəlxalq miqyasının geniş olduğunu bildirib.
Rektor çıxışında simpoziumun alt və üst məqsədləri haqqında danışıb.
Bildirilib ki, simpoziumun üst məqsədi Türk dilinin öyrənilməsi, təbliği və yayılmasıdırsa, alt qatı isə gənc alimlərin, tədqiqatçıların, mütəxəssislərin Azərbaycanı daha yaxından tanıması, həmçinin azərbaycanlı gənc alimlərin, tədqiqatçıların, mütəxəssislərin də Türkiyə ilə əlaqələrinin genişləndirilməsidir.
Rektor vurğulayıb ki, bu məqsədlər bir-birini tamamlayaraq Türk dili və ədəbiyyatının öyrənilməsi və tədrisi ilə yanaşı, elmi və akademik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.
Kamal Abdulla qeyd edib ki, simpozium çərçivəsində formalaşan əlaqələrin yalnız tədbir müddəti ilə məhdudlaşmaması, gələcəkdə də davam etdirilməsi vacibdir. Bu baxımdan gənc alim və tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyası, onların müxtəlif ölkələrin həmkarları ilə əməkdaşlığının genişləndirilməsi xüsusi məna kəsb edir.
Türk Mədəniyyəti Araşdırmaları İnstitutunun rəhbəri, professor Əhməd Bican Ərcilasun çıxışında simpoziumun əhəmiyyətindən danışıb.
O, Türk dili və ədəbiyyatının müxtəlif ölkələrdə öyrənilməsi və tədrisi istiqamətində belə elmi tədbirlərin mühüm rol oynadığını bildirib.
Professor qeyd edib ki, Türk dünyasının müxtəlif coğrafiyalarından alim və tədqiqatçıların bir araya gəlməsi ortaq elmi və mədəni dəyərlərin daha dərindən araşdırılmasına, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaradır.
Ə.B.Ərcilasun simpoziumun Azərbaycan və Türkiyə alimləri arasında elmi əlaqələrin möhkəmləndirilməsi, gənc tədqiqatçıların qarşılıqlı təcrübə mübadiləsində iştirakı baxımından da əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra çıxış edənlər ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Nağıyeva, professor İsmət Çətin, BSU-nun rektoru Anar Nağıyev, Yunus Əmrə İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökxan Seyxan, Qazi Universitetinin Türk dili və ədəbiyyatı Təhsil bölməsinin professor Xəlil Çəltik, İstanbul Universiteti Qədim Yunan dili və ədəbiyyatı kafedrasının professor Ərman Görən, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Varşava Universitetinin professor Danuta Xmelyovska simpozium haqqında fikirlərini bölüşüblər.
Çıxışlarda Türk dili və ədəbiyyatının tədrisi sahəsində aparılan elmi araşdırmaların, müasir təlim metodlarının və beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, simpozium müxtəlif ölkələrdən olan alim və tədqiqatçıların elmi fikir mübadiləsi aparması, aktual məsələləri müzakirə etməsi və yeni əməkdaşlıq imkanları yaratması üçün mühüm platformadır.
Natiqlər Azərbaycan və Türkiyə başda olmaqla, Türk dünyasının müxtəlif ölkələrinin alimləri arasında elmi əlaqələrin genişləndirilməsinin, ortaq dil və ədəbi-mədəni irsin daha dərindən araşdırılmasının vacibliyinə diqqət çəkiblər.
Çıxışlarda həmçinin gənc alim və tədqiqatçıların belə beynəlxalq elmi tədbirlərdə iştirakının onların peşəkar inkişafına, yeni elmi əlaqələr qurmasına və beynəlxalq akademik mühitə inteqrasiyasına mühüm töhfə verdiyi qeyd olunub.
Daha sonra təltifolunma mərasimi keçirilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla, ADU-nun Elmi işlər üzrə prorektoru, professor Həmidə Əliyeva, Yunus Əmrə İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökxan Seyxan tətif olunublar.
Sonda simpozium iştirakçılarına uğurlar arzulanıb və tədbirin Türk dili və ədəbiyyatının tədrisi sahəsində yeni elmi əməkdaşlıqların yaranmasına imkan verəcəyinə əminlik ifadə olunub.
Simpozium işini bölmə iclasaları ilə davam etdirib. Bölmə iclaslarında yekunlaşdıqdan sonra simpoziumun bağlanış mərasimi olub. Mərasimdə Türk Mədəniyyəti Araşdırmaları İnstitutunun rəhbəri, professor Əhməd Bican Ərcilasun çıxış edib.
Qonaq çıxışında simpoziumun işini yüksək qiymətləndirib, tədbirin türk dili və ədəbiyyatının tədrisi ilə bağlı aktual məsələlərin müzakirəsi, elmi fikir və təcrübə mübadiləsi baxımından mühüm platforma olduğunu vurğulayıb.
Professor simpozium çərçivəsində səsləndirilən məruzələrin, aparılan müzakirələrin və əldə olunan nəticələrin gələcək tədqiqatlar üçün əhəmiyyət daşıdığını qeyd edib.
Professor simpoziumun təşkilində aparılan işlərə Azərbaycan Dillər Universitetinin rəhbərliyinə və təşkilat komitəsinə təşəkkürünü bildirib.
ADU-nun rektoru, akademik Kamal Abdulla çıxışında ADU-nun növbəti mühüm tədbirə ev sahibliyini etdiyini və konfransın işinin uğurla həyata keçirildiyini vurğulayıb.
Rektor bildirib ki, Bakı Türkologiya Qurultayının, Qazi Universitetinin 100 illiyinin və ADU-nun 80 illik yubileyinin bir arada qeyd olunması tədbirə xüsusi tarixi və elmi əhəmiyyət qazandırıb.
Akademik Kamal Abdulla simpoziumun türk dili və ədəbiyyatının tədrisi sahəsində yeni elmi yanaşmaların, metodların və təcrübələrin müzakirəsi baxımından mühüm platforma olduğunu qeyd edib. O, müxtəlif ölkələrdən alim, tədqiqatçı və mütəxəssislərin iştirakı ilə keçirilən tədbirin beynəlxalq elmi əməkdaşlığın inkişafına, yeni əlaqələrin qurulmasına və gələcək birgə layihələrin həyata keçirilməsinə mühüm töhfə verdiyini bildirib.
Çıxışda türk dünyasının ortaq dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsində dilin mühüm vasitə olduğu diqqətə çatdırılıb. Bildirilib ki, bu istiqamətdə görülən işlər bundan sonra da davam etdiriləcək.
Rektor simpoziumda
səsləndirilən elmi fikirlərin və irəli sürülən təkliflərin türk dili və
ədəbiyyatının tədrisinin inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.
Akademik Kamal Abdulla tədbirə qatılan yerli və xarici alimlərə, tədqiqatçılara
və qonaqlara təşəkkürünü bildirib, simpoziumun təşkilində əməyi olan hər kəsə
minnətdarlığını çatdırıb.