“Azərişıq”
ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində Özbəkistan Respublikasının Milli
Elektrik Şəbəkəsi Səhmdar Cəmiyyətinin (NEGU) mühəndis-energetikləri üçün
ixtisasartırma təlimləri keçirilir. Maarifləndirici proqram Dünya Bankının
maliyyə dəstəyi ilə reallaşan “Elektrik Enerjisi Sektorunun Transformasiyası və
Dayanıqlı Ötürmə” (ESTART) layihəsi çərçivəsində təşkil olunur.
Manset.az xəbər verir ki, təlimin keçirilməsində məqsəd Özbəkistanın enerji sektorunda çalışan mühəndis-texniki heyətin peşəkar potensialının gücləndirilməsi, müasir texnologiyaların tətbiqi üzrə bilik və bacarıqlarının artırılmasıdır. Həmçinin, təlim müddətində iştirakçılar elektrik şəbəkələrinin etibarlı və təhlükəsiz istismarına dair Azərbaycanın enerji sektorunda formalaşmış qabaqcıl beynəlxalq təcrübə ilə də yaxından tanış olacaqlar.
“Azərişıq” ASC-nin peşəkar təlimçilərinin iştirakı ilə keçirilən kursda 35–110 kV-luq elektrik şəbəkələrinin quraşdırılması və istismarı, texniki xidməti, təmiri, diaqnostikası, eləcə də müasir idarəetmə üsulları barədə özbəkistanlı həmkarların bilikləri təkmilləşdirilir. Həmçinin iştirakçılara elektrik qurğularında izolyasiya sistemləri, ifrat gərginlikdən mühafizə, elektrik avadanlıqlarının sınaq və diaqnostikası, mühafizə vasitələrinin düzgün seçilməsi və təhlükəsiz istismar qaydaları ilə bağlı ətraflı məlumatlar çatdırılır. Onlara həm də elektrik şəbəkələrində normal və qəza rejimlərində əməliyyatların aparılması, kommutasiya proseslərinin düzgün idarə olunması, avadanlıqların texniki vəziyyətinin qiymətləndirilməsi və qəza hallarında operativ qərarların qəbul edilməsi ilə əlaqədar müasir yanaşmalar və qabaqcıl təcrübələr təqdim olunur.
Təlimlər çərçivəsində nəzəri biliklərlə yanaşı, real elektrik avadanlıqları, diaqnostika vasitələri və müvafiq təlim qurğularından istifadə edilməklə praktiki tapşırıqların yerinə yetirilməsi nəzərdə tutulur. Bu yanaşma iştirakçıların əldə etdikləri bilikləri bilavasitə istehsalat şəraitində tətbiq etmək bacarıqlarının inkişafına xidmət edir.
Maarifləndirici
layihə həm də Azərbaycan və Özbəkistan mühəndis-energetikləri arasında
qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə şərait yaradacaq. Təlimlər
başa çatdıqdan sonra iştirakçıların əldə etdikləri bilik və bacarıqlar qiymətləndiriləcək.
Yekun qiymətləndirmədən uğurla keçən müdavimlərə “Azərişıq” ASC tərəfindən
müvafiq sertifikatlar təqdim olunacaq.