“Qisas” əməliyyatı çərçivəsində azad edilən Qırxqız, Sarıbaba və Buzdux yükksəklikləri, onların ətrafındakı mövqelər Azərbaycan Ordusunun gələcək əməliyyatlara hazırlığı üçün mühüm hesab oluna bilər”.
Manset.az xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert “Qisas” əməliyyatının nəticəsi barədə də danışıb:

“Azad edilən ərazilərin miqyasına gəldikdə isə bu barədə rəsmi açıqlamalar olmadığı üçün nəsə demək doğru olmazdı. Söhbət 2500 metr yüksəklikdə yerləşən dağ və onun zirvələrindən gedirsə, burada ən azı 100 kvadrat kilometrdən yuxarı bir ərazidən danışa bilərik. Əməliyyatın son nəticəsi barədə danışmaq hələ tezdir. Çünki Azərbaycan tərəfi rəsmi olaraq “Qisas” əməliyyatının başlanması barədə elan verib. Əməliyyatın başa çatması barədə heç bir rəsmi məlumat mövcud deyil. Ona görə Azərbaycanın bu əməliyyatının nəticəsi barədə son nöqtəni qoymaq tezdir. İstənilən halda Azərbaycan müharibə tərəfdarı deyil. Azərbaycan tərəfi Ermənistandan və Qarabağda yerləşən rus sülhməramlılarından üzərlərinə götürdükləri öhdəlikləri tam həcmdə yerinə yetirməyi tələb edir. Əgər bu tələblər yerinə yetirilməsə, təbii ki, “Qisas” əməliyyatının ikinci, üçüncü mərhələsi də həyata keçirilə bilər”.
Ə.Verdiyev nəzarətə götürülən yüksəkliklərin strateji əhəmiyyətinə də diqqət çəkib:
“Adı çəkilən yüksəkliklərdən Sarıbaba və Qırxqız Azərbaycan Ordusunun Laçın dəhlizi istiqamətində atəş imkanlarını genişləndirir. Bu ərazidə mümkün ola biləcək düşmən təxribatlarının qarşısının alınması üçün geniş imkanlar vəd edir. Buzdux istiqaməti isə Azərbaycan Ordusunun birbaşa Murov dağ silsiləsinə çıxışını təmin etməklə bərabər ordumuza Sərsəng, Vəng istiqamətində, həm də Ağdaban, Suqovuşan ərazilərində atəş və müşahidə imkanlarımız üçün şərait yaradır. Belə bir yüksəkliklərin əldə olunması təbii ki, Azərbaycan Ordusunun geniş imkanlarından və onun peşəkarlıq səviyyəsindən xəbər verir. Digər tərəfdən, diqqətə almalıyıq ki, sırf yüksəkliklərin əldə olunması zamanı Azərbaycan ordusu heç bir itki verməyib. İtkilərimiz döyüş şəraitilə bağlı olsa da, sırf bu əməliyyatlarla bağlılığı yoxdur”.