Ermənistan yenidən əlini qana bulaşdırmaq, o əlini də üzünə bulaşdırmaq qərarına gəlib. Sərhəddə Ermənistan ordusunun hazırlıq vəziyyətinə gətirilməsi, son günlər Azərbaycan-Ermənistan sərhəddinin demək olar ki, bütün istiqamətlərində intensiv hərbi təxribatlara əl atılması, Xankəndidə Vardanyan Moskvadan aldığı göstərişlə 10 min nəfərlik peşəkar "ordu" yaratmaq planı, Rusiya tərəfinin separatçıları Çin istehsalı dronlarla təchiz etməsi, İran ordusunun Qarabağ separatçılarını və Ermənistanı PUA-larla təchiz etməsinin başqa adı ola bilməz.
Bu məsələdə kənar aktorların geosiyasi ambisiyaları da xüsusilə diqqət çəkir. Ələxsus da biz bunu Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətnindəki detalların razılaşdırma mərhələsinə yaxınlaşması fonunda daha aydın sezməyə başlayırıq. Rusiyanın ABŞ-la, Rusiyanın Fransa ilə bölgədə toqquşan maraqlarından əlavə İran faktoru da proseslərin önündə yer alır. Bu mənzərəni Azərbaycan-Ermənistan sərhədi boyunca baş verən insidentlərdən daha aydın müşahidə etmək imkanı var.
Rəsmi İrəvan bütün vəchlə Moskvanın təsirindən çıxmaq niyyətini sərhəddəki gərginlik fonunda da aydın nümayiş etdirir. Moskva sərhəddəki gərginlik məsələsində tamamilə ayrı fazadır və regionda qalıcılığını qoruyub saxlamaq üçün bir qədər taktiki gedişində dəyişikliyi ilə diqqət mərkəzinə düşür. Bu zamana kimi daha çox xüsusilə də Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlı kontingentinın çoxfunksiyalı fəaliyyəti hesabına hərbi vasitələrin yardımı ilə öz bölgədəki mövcudiyyətini qoruyub saxlamaq haqda düşünən Rusiyadan bugün fərqli çıxış yolu tapdığını görmək elə də çətin deyil.
Hazırda Cənubi Qafqazda ABŞ və Qərblə mövqe uğrunda çox soyuq savaşın içərisində olan Rusiya belə görünür ki, artıq anlayır ki, Ukraynadakı müharibə fonunda bu bölgədə də hərbi konfiqurasiya kimi görünmək onun nüfuzunu tamamilə məhvi ola bilər və bu, Rusiyanın geosiyasi maraqlarını ciddi zərbə altına alar. Bu səbəbdən də hazırda Moskva regionla bağlı planlarını məhz nəqliyyat-kommunikasiya xəttlərinin istifadəyə verilməsi prizmasından çözmək niyyətindədir. Bu məsələdə Moskva üçün 10 noyabr üçtərəfli bəyanatı xüsusilə önəmli bir detal kimi işinə yarayacaq.
Rusiya Azərbaycanın Qarabağ zonasına müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin fəaliyyəti üçün zəminlərin aradan qalxdığını gördükcə və kontingentin əvvəlki nüfuzunun hər iki tərəf üçün öldüyünü hiss etdikcə, onların mandatının bitməsinə üç ildən az vaxt qaldığını da nəzərə alaraq regional iştirak səviyyəsini fərqli fazaya keçirməyin ən doğru qərar olduğunu düşündükləri qənaətindəyəm.
Son günlər Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu məsələdi fəallığı da diqqətdən qaçmır. Overçukun Zəngəzur dəhlizi ilə bağlı açıq qalan məsələlərin razılaşdırıldığını ehtiva edən kompleks sənədin tərtib edildiyini bildirməsi deyilənlərin təsdiqidir.
Rusiya Qarabağda, bölgədə sabitlik istəyirmi? Təbii ki, xeyir! Bunun açıqlamasını ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsini araşdıran komissiyanın iclasında söylədiyi fikirlərdən də aydın sezmək mümkün oldu. Paşinyan açıq etiraf etdi ki, 44 günlük müharibə zamanı Rusiya prezidenti Vladimir Putinlə 60 dəfə telefonla danışıb. Bu rəqəmlər də bir daha deməyə əsas verir ki, Kreml Vətən müharibəsi zamanı Azərbaycanı Ordusunun irəliləməsinin qarşısını almağa çalışıb.
Səbəb isə gün kimi aydındır:
- Rusiya Azərbaycanın işğal altında olan bütün ərazilərini azad etməsinin Qarabağda separatizm ocağının tam söndürülməsi demək olduğunu bildiyi üçün bu məsələdə Nikol Paşinyana təsir etməyə çalışıb ki, o Azərbaycanın ilkin şərtlərini qəbul etsin.
- Bununla Rusiya Azərbaycan-Ermənistan gərginliyinə hələ uzun illər səbəb olacaq "separatizm" rıçaqını idarə etməyin mümkünlüyünü düşünüb.
- Eyni zamanda Moskva nə yolla olursa-olsun bölgəyə “sülhpərvər” adıyla Rusiya ordusunu yerləşdirməyi planlaşdıraraq, Qarabağdakı mövcudiyyətini legitimləşdirməyə cəhd edib. Bununla da Rusiyanı bölgədən sıxışdırıb, çıxarmağın mümüknsüzlüyünü zəımanət altına almış olacağını düşünüb
Kremlin bu planı haradasa işinə yaradı deyə bilərik. Belə ki, 44 günlük Vətən müharibəsi zamanı Qarabağ separatçıları ağır zərbələr alsa da, varlıqlarını öncə Moskvanın, postkonflikt dövründə isə İran və xüsusilə də Fransanın köməyi ilə qoruyub saxladılar. Lakin bu da separatçıları xilas etmək üçün kifayət etməyəcək. Çünkü hazırda Azərbaycan Ordusu Qarabağın Ermənistan ilə bütün nəqliyyat kommunikasiayalrını nəzarətə götürüb. Xüsusilə də bu proses Laçında nəzarət buraxılış keçid məntəqəmizin fəaliyyətə başlaması ilə bütünləşdi.
2 ildən sonra Rusiya hərbi kontingentini bölgədən çıxarmaq barədə düşünən rəsmi Bakı, Qarabağdakı qondarma rejim qalıqlarının kökünü yerli-dibli kəsmək barədə də düşünür. Gərginliklər, edilən hərbi təxribatlar, silahlı insidentlər, sülh danışıqlarındakı destruktiv mövqebu prosesi daha da tezləşdirə bilər. Separatçıların tərksilahına nail olmaqla və Qarabağın tamamına nəzarəti ələ keçirməklə Azərbaycanın müharibə dönəmində əldə etdiyi Zəfəri daha da taclandıracağı şübhə doğurmur.
Atabəy Türkel