Rusiya kartını açdı - Moskva Qafqazda sülh istəmədiyini ELAN ETDİ

09:22 - 17 İyul 2023

Rusiya kartını açdı - Moskva Qafqazda sülh istəmədiyini ELAN ETDİ

Rusiya özünə yer tapa bilmir. Yox, işğalçılığı yaxşı bacardığı üçün yer, məkan baxımından heç bir çətinliyi yoxdur. Söhbət Azərbaycanla Ermənistan arasındakı son Brüssel danışıqları ərəfəsində Rusiya XİN-in yaydığı bəyanatdan gedir.

 

Daha doğrusu Rusiya çox çılpaqlığı ilə nümayişkəranə formada bəyan etdi ki, bölgədə sülh istəmir. Rusiya XİN-nin "Ermənistanın Baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir", - bəyanatına başqa ad vermək mənasız, və qeyri-real olar.

Rusiya XİN-i eyni zamanda "Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqla 10 noyabr üçtərəfli bəyanatın fundamental şərtlərini kökündən dəyişdi", - deməklə açıq şəkildə daha 2020-ci ildə imzalanan sözügedən sənədin əhəmiyyətinin qalmadığına bir işarə etmiş oldu. Rusiya bununla da Bakı ilə İrəvan arasında sülh üçün irəliyə doğru atılan addımları bloklamaq məqsədi daşımağı hədəfləyir. 

Açığı, Rusiyanın bu bəyanatını eyni zamanda "Ermənistan bizdən icazəsiz və bizim fikrimizi öyrənmədən özbaşına qərar qəbul etdiyi üçün biz də bildiyimiz şəkildə addım atacağıq", - kimi şərh edə bilərik. Rusiya bununla da hazırda əlində yeganə rıçaqı olan sülhməramlı kontingenti amilindən istifadə edərək bölgədə vəziyyəti maksimum gərginləşdirməyi hədəflədiyini göstərmiş oldu. 

Son olaraq elə Xankəndidə guya Azərbaycanın Qarabağ ermənilərinə qarşı blokada tətbiq etdiyi bəhanəsinə qədər Xocalıya qədər uzanan etirazlar zamanı sülhməramlı kontingentin hava limanında Azərbaycanın legiyim ərazisi olmasına baxmayaraq Ermənistan və qondarma rejimə məxsus əski parçasını dalğalandırması əmrin Moskvadan gəldiyinə işarədir. 

İki gün əvvəl baş tutan sayca 6-cı Brüssel görüşü ərəfəsində Qarabağ və Naxçıvan istiqamətində intensiv olaraq mövqelərimizlə yanaşı yaşayış məntəqələrimizin də artıq atəşə məruz qalması bu məsələdə Rusiya əlinin olduğu ilə bağlı iddiaları növbəti dəfə artırdı. 

Amma Bakıdan Rusiya XİN-in bəyanatında da adekvat cavab gecikmədi. Azərbaycan XİN də cavabında bildirdi ki, bu bəyanat Azərbaycan və Rusiya arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə ziddir. 

Hə, nəyinki ziddir, birbaşa onu pozmaqdır. Çünkü Rusiya XİN-nin Ermənistanın Baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir.

Bu gün Ermənistanın 3 il əvvəl imzaladığı üçtərəfli bəyanatda hələ də icra etmədiyi müddəalara görə də mısuliyyəti birbaşa Rusiya daşıyır. Bu gün Rusiyadan Azərbaycanın əleyhinə olan belə bir bəyanatın səsləndirilməsi təsdiq edir ki, Qarabağdakı gərginliklərin arxasında bu zamana kimi məhz Rusiya əli olub, Ermənistanı sülh sənədinə, Bakının 5 maddəlik sülh paketini qəbul etməyə hər görüşdə elə rəsmi Moskva mane olub. 

Ermənistan tərəfinin bu zamana kimi üçtərəfli bəyanatın bir çox müddəalarını yerinə yetirməməsinin də əsas təqsirkarı elə Rusiya tərəfidir ki, o bu zamana kimi öhdəlikləri çərçivəsində bəyanatın tam olaraq yerinə yetirilməsini nə təmin edib, nə də bunun üçün Ermənistan tərəfinə təzyiq göstərib. 

Bu gün də hələ də Qarabağda separatçı quldurların mövcudluğuna görə ən böyük cavabdehliyi Rusiya tərəfi daşıyır. Bölgədə Rusiya sülhməramlı kontingentinin müşahidəsi altında qeyri-qanuni erməni silahlı qüvvələrinə dəstəyin həyata keçirilməsində də ən maraqlı aktor Rusiyadır. 

Rusiya XİN-in məlum bəyanatı qısaca “Qarabağ erməniləri var və onlar var olduqca biz də varıq” mənasına gəlir. Bəyanata paralel olaraq, Xankəndidəki erməni əhali küçələrə çıxarılıb böyük mitinq təşkil edildi. Mitinq iştirakçıları müraciət yayımlayaraq tam şəkildə Rusiyanın “mərhəməti”nə sığındıqlarını, var olmaqlarını sülhməramlıların bölgədəki mövcudluğundan asılı olduğunu açıqlamaqla bu aksiyanın əsas təşkilatçısının elə Rusiyanın paytaxtında əyləşdiyini nümayiş etdirir. 

Böyük ehtimalla Moskvanın bu bəyanatının bur ünvanı yoxdur. Rusiya bu maskaradla bir neçə istiqamətə mesaj ötürdü ki, onlardan biri də Türkiyədir. “Rusiya 2025-ci ildə Qarabağdan çıxmalıdır”, - deyə açıqlama verən Türkiyəyə göstərilir ki, Rusiya üçün önəmli olan müddət deyil, Qarabağ erməniləri mövcud olduqca, Rusiya da regionda qalmağa davam edəcək. 

Beləcə, Rusiya Cənubi Qafqazdakı ənənəvi mövqeyində heç bir dəyişiklik olmadığını göstərməyə çalışır. Moskva bu bəyanatla deməyə çalışır ki, mən burdayam, hələ də təşəbbüs məndədir, çıxara bilməyəcəksiniz. Demək ki, Rusiya belə hələ də Azərbaycanın 44 günlük müharibə ilə regionda yaratdığı yeni geosiyasi reallığı həzm edə bilmir. Baxmayaraq ki, sözdə bunun əksini Moskvadan eşidirik, amma son proseslər əslində reallığın tamamilə fərqli olduğunu göstərdi. 

Rusiya mövqeyini dəyişdirməsə ən böyük zərbəni elə məhz özünə vurmuş olacaq. Çünkü bu gün Azərbaycanın Rusiyadan çox, Rusiyanın Azərbaycan kimi bir qonşuya, müttəfiqə ehtiyacı var. Ən əsası isə Moskva gərək cəmi 4 həftə qabaq muzdlu qoşun qiyamının baş verdiyi zaman ona dəstək mesajlarının konkret olaraq haradan gəldiyini də unutmasın. Rusiya Cənubi Qafqazda möhkəmlənmək, mövqe savaşıənda ABŞ və digər rəqiblərinə məğlub olmaq istəmirsə, o zaman Bakının təkliflərini və istəklərini mütləq şəkildə nəzərə almalıdır. 

Atabəy Türkel


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az