Maksimal temperatur bu bölgədə qeydə alınıb - 44° isti

15:03 - 01 Avqust 2023

Maksimal temperatur bu bölgədə qeydə alınıb - 44° isti

“Avqust ayı ölkəmizdə adətən ən isti keçən ay olub. Çoxillik meteoroloji müşahidələrə görə havanın maksimal temperaturu Naxçıvan MR-da və Aran rayonlarında 44 (Culfa-Ordubadda 46), dağətəyi rayonlarda 43, dağlıq rayonlarda 37 dərəcə isti müşahidə olunub.

 

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Manet.az-a bildirib ki, lakin bu il bəzi Avropa ölkələrindən fərqli olaraq yay istiləri ölkəmizdə çox davamlı və güclü olmayıb.

N.Mahmudov qeyd edib ki, hidrometeoroloji müşahidə şəbəkəsindən daxil olan məlumatlara əsasən yalnız bir gün Aran rayonlarında temperatur 37 dərəcəyədək yüksəlib:

“Paytaxtda isə ən yüksək temperatur  35 dərəcəni aşmayıb. İyul ayında Bakıda yalnız bir gün 40 dərəcə temperatur davam edib, aran rayonlarında 42 dərəcəyədək yüksəlib.

Çoxillik meteoroloji məlumatlara əsasən son 21 il ərzində avqust ayının temperatur göstəricilərində çox əhəmiyyətli fərqlər olub. Belə ki, Bakıda ən isti hava 2017-ci il avqustun 9-da 42.6 dərəcə isti olub.  Üç ildən sonra isə  avqustun 25-26-da havanın temperaturu 2017-ci illə müqayisədə 27 dərəcə aşağı olub və  Bakıda  cəmi 16 dərəcə isti qeydə alınıb. 

Son 21 il ərzində avqust ayında havanın orta aylıq temperaturu keçən il daxil olmaqla 17 il iqlim normasından 3.9 dərəcəyədək yüksək, 3 il normadan 1.6 dərəcəyədək  aşağı, yalnız 2013-cü ildə  iqlim norması daxilində olub”.

N.Mahmudovun sözlərinə görə, bu il isə avqust ayının birinci ongünlüyündə çox güclü istilərin olması gözlənilmir:

“Ayın 3-dən 5-i gündüzədək arabir güclənən şimal küləyinin üstünlüyü nəticəsində havanın maksimal temperaturu 35 dərəcəni aşmayacaq.

Ümumiyyətlə ay ərzində havanın temperaturunun iqlim normasına yaxın, ayın ortalarında isə normadan yüksək olacağı proqnozlaşdırılır. Adətən  avqust ayında Azərbaycan ərazisində yağmurlu günlərin sayı az olur, 2 gündən 7 günə kimi paylanır. Buna baxmayaraq, son 21 il ərzində ən çox yağıntı 2011-ci ildə qeydə alınıb. Ay ərzində Bakıda 26 mm yağıntı düşüb ki, bu da iqlim normasından 4 dəfə çox olub”. 

“Bu ilin avqust ayında yağıntılar daha çox birinci ongünlüyün ortalarında gözlənilir ki, bu zaman bəzi dağlıq və dağətəyi rayonlarda  leysan xarakterli yağışın olması proqnozlaşdırılır. Həmin dövrdə şimal-qərb küləyinin arabir 23-28 m/s-dək güclənməsi gözlənilir. 2019-cu il avqustun 5-də şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Sumqayıtda 40 m/s çatıb. Küləkli havada Abşeron çimərliklərində əhalinin xüsusilə diqqətli olması tövsiyə olunur. Hava şəraiti ilə bağlı yenilənən məlumatları və xəbərdarlıqları meteo.az saytından əldə edə bilərsiniz”, - deyə qurum rəsmisi əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az