İran və ABŞ nüvə masasına qayıdır – 5-ci raund Romada

10:56 - 22 May 2025

İran və ABŞ nüvə masasına qayıdır – 5-ci raund Romada
İran və ABŞ arasında nüvə danışıqlarının beşinci raundunun keçiriləcəyi tarix və məkan açıqlanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, iki ölkə arasında vasitəçilik missiyasını yerinə yetirən Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, danışıqların 5-ci mərhələsi mayın 23-də İtaliyanın paytaxtı Romada baş tutacaq.

Qeyd edək ki, Tehran və Vaşinqton arasında aparılan nüvə müzakirələri çərçivəsində əsas mübahisə mövzusu uranın zənginləşdirilməsi məsələsidir.

İran, nüvə proqramına qoyulan məhdudiyyətlər əvəzində beynəlxalq sanksiyaların ləğvini tələb edir. Rəsmi Tehran bu yolla atom bombası istehsalı ilə bağlı narahatlıqların aradan qalxacağını bildirir.

ABŞ əvvəllər İranın aşağı səviyyədə uranı zənginləşdirməsinə razılıq verəcəyini desə də, son açıqlamalarda uranın bütün səviyyələrdə zənginləşdirilməsinin dayandırılmasını tələb edib.

İranın xarici işlər naziri Abbas Erakçi isə bildirib ki, ABŞ-nin bu yeni tələbindən sonra Tehran danışıqların beşinci raundunda iştirak edib-etməmək barədə hələ yekun qərar verməyib.

Xatırladaq ki, tərəflər indiyə qədər Oman vasitəsilə dörd raund danışıqlar aparıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv