"Sülh müqaviləsi bu tarixlərdə imzalana bilər" - Komitə sədri

15:14 - 09 İyul 2025

\"Sülh müqaviləsi bu tarixlərdə imzalana bilər\" - Komitə sədri

"Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dubayda baş tutacaq görüş ən mühüm görüşlərdən biridir. Çünki bu gün Ermənistan daxilində baş verən hadisələr, siyasi proseslər, eləcə də 2026-cı ildə Ermənistanda keçirilə biləcək seçkilər fonunda cənab İlham Əliyevlə keçiriləcək bu görüş Ermənistan üçün də əhəmiyyətlidir".


Bunu Manset.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib. 

O bildirib ki, Azərbaycan üçün əsas maraq doğuran məsələ sülh müqaviləsinin imzalanması və regionda davamlı sülhün bərqərar olunmasıdır:

"Azərbaycan tərəfi bu istiqamətdə bir sıra məsələləri gündəmə gətirib və konkret tələblər irəli sürüb. Bu gün baş tutacaq görüşdə düşünürəm ki, yalnız deklarativ bəyanatlarla kifayətlənilməyəcək, artıq imzalanması mümkün olan müqavilənin detalları və onların reallaşdırılması məsələləri əsas müzakirə mövzusu olacaq.

Hazırda Ermənistan Konstitusiyasında ediləcək dəyişikliklər, eyni zamanda Avropa İttifaqının müşahidəçilərinin sərhəddə apardığı fəaliyyətin dayandırılması və ATƏT-in Minsk Qrupunun ləğv olunması məsələləri əsas prioritetlər sırasındadır. Bu üç məsələyə Ermənistan aydınlıq gətirməlidir və bu proseslər öz həllini tapmalıdır. Bundan əlavə, əsas problemlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır".

A.Nağıyev qeyd edib ki, Ermənistanın bu məsələdəki mövqeyi məlumdur:

"Həmçinin bu dəhlizin açılması ilə bağlı Rusiya, İran və digər dövlətlərin mövqeləri də hələ tam aydın deyil. Azərbaycanın isə mövqeyi birmənalıdır: Zəngəzur dəhlizi açılmalıdır. Son zamanlar ABŞ-nin bu dəhlizə nəzarət edə biləcəyi ilə bağlı bəyanatları səslənib. Bu kimi məsələlərə də aydınlıq gətirilməlidir.

Hazırda bir çox ölkələr bu danışıqlarda vasitəçilik rolu oynamaq uğrunda çalışırlar. Eyni zamanda Ermənistan Konstitusiyasında ediləcək dəyişikliklərin necə həyata keçiriləcəyi, Ermənistan vətəndaşlarının və seçicilərinin bu proseslərə münasibəti, Türkiyənin bu məsələlərdə rolu, Orta Dəhlizin region və beynəlxalq səviyyədə doğura biləcəyi müsbət nəticələr də müzakirə mövzusu olacaq.

Hesab edirəm ki, iki lider arasında son vaxtlar yaranmış gərginliklərə də bu görüş zamanı aydınlıq gətirmək imkanı olacaq. Lakin düşünmürəm ki, sülh müqaviləsi 2026-cı il seçkilərinədək imzalansın. Əsas məsələ ondan ibarətdir ki, əgər Konstitusiyada dəyişikliklər edilməzsə, bu problem yenidən gündəmə gələ bilər və hətta Ermənistan parlamenti bu müqaviləni ratifikasiya etməyə bilər. Bu səbəbdən də proses mütləq şəkildə siyasi və hüquqi zəmində həllini tapmalıdır.

Əgər Paşinyan hakimiyyətdə qalarsa və bu addımları atmağa razılıq verərsə, sülh müqaviləsinin imzalanması 2026-cı ilin ikinci yarısına və ya 2027-ci ilə də keçə bilər. Bütün bunlar Ermənistandakı daxili siyasi vəziyyətdən, Avropa İttifaqının, Qərbin və Rusiyanın təzyiq və təsirlərindən asılı olacaq".

Deputat onu da vurğulayıb ki, Azərbaycan isə bu gün daxili və xarici siyasətini müstəqil şəkildə həyata keçirir:

"Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən həm daxili, həm də xarici siyasət sahəsində islahatlar aparılır. Buna görə də bu proseslərdə Azərbaycan əsas təşəbbüskar və diktə edən tərəf kimi çıxış edir ki, bu da ölkəmizin apardığı sabit və prinsipial siyasətin bariz nümunəsidir".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az