ABŞ-nin Meta şirkətinə məxsus WhatsApp proqramının keçmiş təhlükəsizlik rəhbəri, şirkətin milyardlarla istifadəçisini riskə atan təhlükəsizlik və məxfilik zəifliklərini aradan qaldırmaqda uğursuz olduğunu iddia edərək məhkəməyə müraciət edib.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə "New York Times" məlumat yayıb.
Məlumata görə, WhatsApp-ın keçmiş təhlükəsizlik şefi Attaullah Baig, Meta şirkətini kibertəhlükəsizlik məsələlərinə laqeyd yanaşmaqda ittiham edib. Baig, Kaliforniyanın Şimal Dairə Məhkəməsində açdığı iddiada, şirkətin təhlükəsizlik zəifliklərini düzəltmək üçün lazımi addımları atmamaqda günahlandırıb.
Baig bildirib ki, minlərlə Meta əməkdaşı WhatsApp istifadəçilərinin həssas məlumatlarına daxil olmaq imkanına sahibdir və Meta, hər gün 100.000-dən çox hesabı hədəf alan kiberhücumlarla kifayət qədər mübarizə aparmır. O, həmçinin, təhlükəsizlik zəiflikləri barədə şirkət rəhbərliyinə, o cümlədən CEO Mark Zuckerberg-ə məlumat verdiyini, lakin bu səbəbdən fevral ayında "qisas" məqsədilə işdən çıxarıldığını iddia edib.
Meta-nın sözçüsü isə Baig-in ittihamlarını rədd edərək, onları "komandamızın işini təhrif edən keçmiş işçinin zəif performansı" kimi qiymətləndirib.