Gəncədə 88 yaşlı qadının ölümünün təfərrüatı məlum olub.
Manset.az Baku TV-yə istinadən xəbər verir ki, məlumata görə, Gülsüm Əliyevanın səhhəti oktyabrın 26-da pisləşib.
Yaxınları təcili tibbi yardım çağırıblar və qadın xəstəxanaya aparılıb. Həkimlər onun yaşlı olduğunu və ömrünə bir neçə gün qaldığını bildiriblər. Bundan sonra o evə qaytarılıb. Oktyabrın 28-də isə səhər saatlarında Gülsüm Əliyevanın vəfat etdiyi məlum olub. Qadının dəfnindən bir neçə gün sonra onun 59 yaşlı bacısı oğlu Əli Məmmədov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Qonşular Gülsüm Əliyevanın ruhi xəstə olduğunu, Əli Məmmədovun onu qətlə yetirə biləcəyinə inanmadıqlarını deyiblər.
"88 yaşında xalanı qətlə yetirməzdi. Mən inanmıram. Həmin adam o qədər ağılsız, qansız adam deyil. Artıq 33 ildir qonşuyuq", - deyə qonşulardan biri bildirib.