Türkiyə kinosunun tanınmış simalarından biri, aktyor Kadir İnanır səhhətində yaranan narahatlıq səbəbindən ötən gecə xəstəxanaya aparılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ilkin tibbi müdaxilədən sonra aktyor reanimasiya şöbəsinə yerləşdirilib.
Bildirilib ki, Yeşilçam dövrünün məşhur aktyoru gecə saatlarında qəfil halı pisləşib. Habertürk nəşrinin yaydığı məlumata əsasən, yaxınları vəziyyəti fərq etdikdən sonra sənətçi təcili şəkildə İstanbulun Beşiktaş rayonunda yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Xəstəxanada ilkin yardım göstərilən Kadir İnanır həkimlərin müayinəsindən sonra reanimasiya şöbəsinə köçürülüb.
Aktyorun səhhəti ilə bağlı xəstəxana tərəfindən hələlik rəsmi açıqlama verilməsə də, onun sağlamlıq vəziyyətinin nəzarətdə saxlanıldığı qeyd olunur.
Xatırladaq ki, Kadir İnanır 2024-cü il martın 24-də beyin damarında tromb əmələ gəlməsi səbəbindən xəstəxanaya yerləşdirilmiş, aylarla davam edən reanimasiya müalicəsindən sonra evə buraxılmışdı. Aktyorun hazırda fizioterapiya müalicəsi davam edir.