“İran ABŞ və İsraillə münaqişədə özünü qalib tərəf hesab edir və nizamlanma şərtlərini diktə etmək niyyətindədir”.
Manset.az xəbər verir ki, bu iddia ilə İran İslam Respublikası parlamentinin daxili işlər komissiyasının rəhbəri Məhəmməd Saleh Cokar çıxış edib.
“Mehr” agentliyinə müsahibə verən deputat rəsmi Tehranın münaqişənin həlli ilə bağlı irəli sürdüyü 10 bəndlik planın ölkəsinin “qırmızı xətti” olduğunu vurğulayıb:
“Şərtləri döyüş meydanında uğursuzluğa düçar olan, hədəflərinə çatmayan və yalnız dağıntılar törədən hökumət yox, qələbə qazanan ölkə müəyyən edir. Bu baxımdan, amerikalılar bizim şərtlərimizi qəbul etməlidir”.
Cokar İranın Vaşinqtona heç vaxt güvənmədiyini bildirib və qeyd edib ki, ölkəsinin yeganə çıxış yolu daha da güclənməkdir. O, eyni zamanda ABŞ hərbçilərini Yaxın Şərqi tamamilə tərk etməyə çağırıb.
Xatırladaq ki, cari ilin aprel ayının əvvəlində ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunmuşdu. İddialara görə, Vaşinqton Tehranın təqdim etdiyi 10 bəndlik sənədi danışıqlar üçün işçi əsas kimi qəbul edib. Həmin planda ABŞ qoşunlarının Yaxın Şərqdəki bütün bazalardan çıxarılması, İrana qarşı sanksiyaların ləğvi, dondurulmuş aktivlərin qaytarılması və Tehrana təzminat ödənilməsi kimi bəndlər yer alır. Vaşinqton isə bu atəşkəsi İrana qarşı birtərəfli “güzəşt” kimi qiymətləndirmişdi.