"İyulun 7–8-də keçiriləcək Ankara Zirvəsindən əsas gözlənti qəbul edilən öhdəliklərin konkret fəaliyyətə çevrilməsidir".
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibinin müavini Radmila Şekerinska bildirib.
Şekerinska bu fikirləri Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən NATO Parlament Assambleyasının Yaz Sessiyası zamanı səsləndirib.
O, Rumıniya ərazisinə pilotsuz uçuş aparatının düşməsi hadisəsindən sonra bu ölkə ilə tam həmrəylik nümayiş etdirdiklərini bir daha vurğulayıb. Şekerinskanın sözlərinə görə, müttəfiq dövlətlər Rusiyanın nələr edə biləcəyini, bunu həyata keçirməyə nə dərəcədə hazır olduğunu və hərəkətlərinin nə qədər məsuliyyətsiz xarakter aldığını yaxşı anlayırlar.
NATO rəsmisi qeyd edib ki, Rusiyanın məsuliyyətsiz davranışları bütün region üçün təhlükə yaradır. O vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi hücumlar alyansın təhlükəsizliyinə də birbaşa təsir göstərir.