Türkiyənin Antalya şəhərində boşanma prosesində olduğu bildirilən 29 yaşlı 7 aylıq hamilə tibb bacısı Esra Uğur yaşadığı mənzildə ölü vəziyyətdə aşkarlanıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ötən gün saat 20:00 radələrində Kepez rayonunun Yeşilyurt məhəlləsində yerləşən yaşayış binasındakı mənzildə baş verib.
Xəstəxanalardan birinin təcili yardım şöbəsində tibb bacısı kimi çalışan Esra Uğurla əlaqə saxlaya bilməyən yaxınları onun boşanma prosesində olduğu həyat yoldaşı U.U.-dan kömək istəyiblər.
Ünvana gələn U.U. polis əməkdaşları ilə birlikdə mənzilə daxil olub. Mənzildə aparılan baxış zamanı Esra Uğur divanın üzərində qoluna sistem qoşulmuş vəziyyətdə hərəkətsiz halda tapılıb.
Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşlarının müayinəsi nəticəsində Esra Uğurun vəfat etdiyi müəyyən edilib.
İlkin araşdırma tədbirləri başa çatdıqdan sonra onun meyiti məhkəmə-tibbi ekspertiza üçün Antalyadakı Ədli Tibb Qurumunun morquna aparılıb.
Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma davam etdirilir.