Hindistanın şimal-şərqində yerləşən Assam ştatında baş verən daşqınlar nəticəsində həyatını itirənlərin sayı 78 nəfərə çatıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Assam Ştatının Fövqəladə Halların İdarə Olunması Agentliyi (ASDMA) bölgədəki daşqınlarla bağlı növbəti məlumat yayıb.
Qurumun açıqlamasında daha 3 nəfərin meyitinin tapıldığı, bununla da təbii fəlakət nəticəsində həlak olanların sayının 78-ə yüksəldiyi bildirilib. Açıqlamada qeyd olunub ki, axtarış-xilasetmə və humanitar yardım işləri zərərçəkən əhaliyə dəstək göstərilməsi məqsədilə fasiləsiz davam etdirilir. Assam ştatının baş naziri Himanta Bisva Sarma bildirib ki, təbii fəlakət 1,1 milyondan çox insana təsir göstərib. Onun sözlərinə görə, hazırda 8 nəfər itkin düşmüş hesab olunur.
Baş nazir əlavə edib ki, bölgədə təxminən 1718 müvəqqəti yardım mərkəzi fəaliyyət göstərir.
Hindistan Meteorologiya Departamenti isə növbəti 3–4 gün ərzində Assamın müxtəlif ərazilərində güclü və çox güclü yağışların gözlənildiyini açıqlayıb. Səlahiyyətli qurumlar əhalini ehtiyatlı olmağa, güclü yağışlar zamanı zəruri olmayan səfərlərdən çəkinməyə çağırıblar.