"SpaceX" şirkətinin orbitə buraxdığı Falcon 9 raketinin təxminən 5 ton ağırlığında olan yuxarı pilləsinin avqustun 5-də Aya çırpılması gözlənilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, astronomik obyektlərin izlənilməsi üçün hazırlanan "Project Pluto" proqramının yaradıcısı Bill Qreyin hesablamalarına görə, toqquşma avqustun 5-də yerli vaxtla saat 09:34 radələrində Ayın qərb hissəsində yerləşən Eynşteyn kraterinin yaxınlığında baş verəcək.
Los-Alamos Milli Laboratoriyasının tədqiqatçısı Benjamin Fernando bildirib ki, toqquşma zamanı raketin hissəsi tamamilə buxarlanacaq. Onun sözlərinə görə, zərbə nəticəsində qısa müddətli işıq parıltısı yaranacaq, eyni zamanda Ay səthindən toz və krater materiallarının kosmosa püskürməsi müşahidə olunacaq.
Qeyd edək ki, sözügedən raket hissəsi 2025-ci il yanvarın 15-də Firefly Aerospace şirkətinin "Blue Ghost 1" və "ispace" şirkətinin Resilience adlı Ay aparatlarını orbitə çıxaran buraxılışdan sonra missiyasını başa vuraraq kosmosda qalmışdı.