Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hücumların şiddətlənməsi və sülh danışıqlarının dalana dirənməsi Moskvada narahatlığı artırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Bloomberg"in Kremlə yaxın üç mənbəyə istinadən yaydığı məlumata görə, bəzi rusiyalı rəsmilər prezident Vladimir Putinin müharibənin gedişində “son çarə” kimi taktiki nüvə silahından istifadə edə biləcəyini düşünür.
Kremlə yaxın mənbələrin iddiasına görə, Moskva NATO ölkələrinin Ukraynaya silah və kəşfiyyat məlumatları ilə dəstək verməsini Kiyevin deyil, birbaşa NATO üzvü dövlətlərin Rusiyaya qarşı hücumları kimi qiymətləndirir. Məlumata əsasən, müharibədə artan hücumlar Rusiyada nüvə silahından istifadə ehtimalı ilə bağlı müzakirələri də gücləndirib.
Mənbələr hazırkı hərbi qarşıdurmanın hələ ən yüksək eskalasiya mərhələsinə çatmadığını bildiriblər. Onların sözlərinə görə, Rusiya sülh danışıqlarının nəticəsiz qaldığını düşünərsə, Ukraynaya qarşı hücumlarını daha da intensivləşdirə bilər. Bu isə müharibənin daha təhlükəli mərhələyə keçməsi ilə bağlı narahatlıqları artırır.