Panama El-Ninyo hadisəsinin səbəb olduğu güclü yağışların ölkə iqtisadiyyatına və əhalinin təhlükəsizliyinə yaratdığı təhdidlərə görə ölkə üzrə ən yüksək səviyyəli həyəcan elan edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şiddətli yağıntılar nəticəsində ölkənin şimal və Karib dənizi sahillərində daşqınlar baş verib.
United Press International (UPI) agentliyinin məlumatına görə, El-Ninyo səbəbindən Panamada 15 600-dən çox insan güclü yağış və daşqınlardan zərər çəkib. Panamanın daxili işlər naziri Dinoska Montalvo bildirib ki, fövqəladə vəziyyətin elan edilməsində məqsəd inzibati prosedurları sadələşdirmək, əməliyyat imkanlarını gücləndirmək və qarşıdakı təhlükələrə hazırlaşmaqdır.
Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) son hesabatında El-Ninyonun qarşıdakı aylarda sürətlə güclənəcəyi və nəticədə ekstremal hava hadisələri ilə təbii fəlakət riskinin artacağı bildirilib. Proqnozlara görə, iyul-sentyabr aylarında Şərqi və Mərkəzi Sakit okeanda dəniz səthinin temperaturu sürətlə yüksələcək. Temperaturun 2 dərəcədən çox artacağı təqdirdə güclü El-Ninyo mərhələsinin yaşanacağı gözlənilir.