Belçikanın Mechelen şəhərindəki “Ursulinen” məktəbində bomba olması barədə daxil olan xəbərdarlıqdan sonra 1 700 şagird təxliyə edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nahar fasiləsi zamanı məktəbə zəng edən şəxs eyni mesajın təkrarlandığı səs yazısı vasitəsilə bomba xəbərdarlığı verib.
Polisə məlumat verildikdən sonra hadisə yerinə çoxsaylı polis və digər aidiyyəti xidmət əməkdaşları göndərilib. Polis Sint-Jacobsstraat küçəsini bağlayaraq məktəb binalarında xüsusi təlim keçmiş axtarış itinin köməyi ilə yoxlamalara başlayıb.
Məktəbəqədər, ibtidai və orta təhsil pillələrində oxuyan 1 700 şagird təhlükəsiz şəkildə təxliyə edilərək məktəbin yaxınlığındakı “Onze-Lieve-Vrouw-over-de-Dijle” kilsəsinə aparılıb.
Şagirdlər müvəqqəti olaraq kilsədə yerləşdirilib. Xəbərdarlığın real təhlükəyə əsaslanıb-əsaslanmadığı isə hələlik məlum deyil.