Almaniyada İranın adından hücum və sui-qəsd hazırlamaqda ittiham olunan iki nəfərin həbs cəzasına məhkum edilməsindən sonra Berlinlə Tehran arasında gərginlik artıb. İranın Almaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Almaniya rəsmiləri yəhudi icmasını hədəf alan hücum planlarına sərt etirazlarını bildiriblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Hamburq Ali Əyalət Məhkəməsində İranın adından ölkə ərazisində hücumlar təşkil etməkdə ittiham olunan iki nəfərin ötən həftə həbs edilməsindən sonra Almaniya ilə İran arasında münasibətlər yenidən gərginləşib.
Almaniya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada İranın Almaniyadakı səfiri Məcid Nili Əhmədabadi bu gün səhər nazirliyə çağırıldığı bildirilib.
Açıqlamada İranın Almaniyadakı fəaliyyətləri qətiyyətlə pislənib. Bildirilib ki, İranın Almaniya cəmiyyətini təhdid etməsinə imkan verilməyəcək.
“İranın azad cəmiyyətimizi təhdid etməsinə imkan verməyəcəyik. İranın səfiri bu gün Xarici İşlər Nazirliyinə çağırılıb. Yəhudilərin həyatına və onları müdafiə edən şəxslərə qarşı hücumlara heç bir yerdə, xüsusilə də Almaniyada dözümlülük göstərməyəcəyik. Bu iyrənc sui-qəsd cəhdləri hüquqi nəticələrə səbəb olacaq”, – deyə açıqlamada vurğulanıb.