Dostları ilə düşərgəyə gedən universitet tələbəsi çadırına açılan atəş nəticəsində həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Florida ştatında yeni vəzifəsinin icrasına başlayan şerif Co Vinsonun oğlu Keri Vinson bazar günü ştatın şimal-qərbində, Blekvoter çayının sahilində dostları ilə düşərgə qurub.
Düşərgə zamanı çadıra atəş açılıb. Başından güllə yarası alan 19 yaşlı universitet tələbəsi hadisə yerində həyatını itirib.
Şahidlərin sözlərinə görə, atəş səslərindən sonra hadisə yerindən uzaqlaşan avtomobilin mühərrik səsi eşidilib.
Düşərgədə iştirak edən digər gənclərdən heç biri xəsarət almayıb.
Qeyd edək ki, Keri Vinson atasının dövlət vəzifəsinin icrasına başlamaq üçün and içməsindən cəmi bir neçə gün sonra həyatını itirib.