Cəlilabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 8 nəfər (4 qadın, 4 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Manset.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Məlumata əsasən, yaralılara bədənin müxtəlif nahiyyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilib.
1978-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Digər yeddi şəxsin müalicəsi tibbi müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
***
16:39
Cəlilabad rayonunda ağır avtomobil qəzası baş verib.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb.
"Mercedes" ilə "VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində aralarında azyaşlılar da olmaqla, altı nəfər xəsarət alıb.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.