"Qalatasaray" Viktor Osimhenin transferində irəliləyir.
Manset.az xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərlərə görə, nigeriyalı hücumçunun sarı-qırmızılılarda qalmaq qərarından sonra İstanbul nəhəngi "Napoli" ilə əlaqələrini daha da gücləndirib.
Məlumata görə, "Cim-Bom" Osimhenin transferi üçün "Napoli"yə rəsmi şəkildə 65 milyon avroluq təklif göndərib. Qeyd edək ki, italyan klubu 25 yaşlı forvardın sərbəstqalma məbləğini 75 milyon avro olaraq müəyyən edib və bu məbləğdə israrlıdır.
Maaş məsələsində də detallara aydınlıq gəlib. İddiaya görə, "Qalatasaray" Osimhenə cəmi 21 milyon avro dəyərində təklif irəli sürüb. Klub həmçinin futbolçuya iyulun 20-dək vaxt verib. Bu tarixə qədər cavab verilmədiyi təqdirdə, "Cim-Bom" alternativ variantlara yönələcək.
Transferin son günlərdə daha da intensivləşəcəyi gözlənilir.