Ailədə yaşanan problemlər yalnız həyat yoldaşları arasındakı münasibətlərlə məhdudlaşmır. Boşanma, ailədaxili gərginlik, uşaqlara münasibətdə fərqli yanaşmalar və gender stereotipləri azyaşlıların dünyagörüşünün və şəxsiyyətinin formalaşmasına da təsir göstərə bilər. Uşağın ilk sosial mühiti olan ailədə gördüyü münasibətlər onun gələcəkdə insanlarla ünsiyyətinə, emosiyalarını ifadə etməsinə və qadın-kişi münasibətləri barədə təsəvvürlərinə təsirsiz ötüşmür.
Bəs boşanmaların artması uşaqların psixoloji inkişafına və gender anlayışına necə təsir edir? Ailədə hansı davranışlar gələcəkdə uşağın münasibətlərinə çevrilə bilər? Valideynlər bu prosesdə hansı səhvlərdən çəkinməlidirlər?
Bu sualları psixoloq Aydan Məmmədova Manset.az-a açıqlamasında cavablandırıb. O bildirib ki, ailə kiçik bir dövlətdir və zaman keçdikcə formalaşa bilən, inkişaf edən bir struktura sahibdir:

"Cəmiyyətdə ailənin təsiri isə böyük ölçüdə həmin ailənin daxili strukturundan asılıdır. Belə izah edim: ailə daxilində emosional balans, sevgi, hörmət, təhlükəsizlik varsa, sağlam ailə dediyimiz məhz bu cür ailədir. Amma ailə daxilində bu saydıqlarımdan hər hansı biri əskikdirsə, o zaman artıq həmin ailənin boşanıb-boşanmaması uşaq üçün o qədər də fərq etmir. Yəni boşansalar da, yenə eyni psixoloji təsirə məruz qalacaq, boşanmasalar da...
Ailə daxilində, yəni öncəliklə, hər bir cütlük evlənməzdən əvvəl ailə anlayışını dərk etməlidir. Gənclərin psixoloji olaraq “check-up” olunması lazımdır ki, evliliyə hazır olub-olmadıqları müəyyən edilsin. Hazır olmalarına əlavə, daha sonra uşaq dünyaya gətirməyə hazırdırlar, yoxsa yox, uşaq böyüdə biləcək psixologiyaya sahibdirlərmi və həmin valideynlər öz məsuliyyətlərini daşıya bilərlərmi? Məhz bu sual da dəqiqləşdirilməlidir.
Yəni sadəcə olaraq, öz ailələrinin, valideynlərinin rahatlığı üçün evlənmək xatirinə evlənən, uşaq dünyaya gətirmək xatirinə uşaq dünyaya gətirən şəxslər çoxdur. Hazırda boşanmaların sayının da artmasına səbəb elə buradan başlanır. Ailələr bir-birini tam olaraq, yəni ailə anlayışını dərk etmədən evləndikləri üçün həmin o dediyimiz ailə dəyəri də artıq azalmış olur”.
Psixoloq qeyd edib ki, uşaqların dünyaya göz açdığı ilk yer onların valideynlərinin olduğu, tanıdığı ailə ortamıdır. Bu ailə ortamının sağlam olması uşaq psixologiyasına böyük təsir göstərir. Hər bir insan dünyaya fərd olaraq gəlir, şəxsiyyət olaraq inkişaf edir:
“Hər bir ailə də dünyaya uşaq gətirdiyi zaman, öncəliklə bunu dərk etməlidir ki, əslində, cəmiyyət üçün bir şəxsiyyət yetişdirir. Bunu anladığımız zaman həmin şəxsin sağlam şəkildə böyüməsinə daha çox önəm verəcəyik və şəxsiyyətin formalaşmasında bir ailə olaraq daha müsbət addımlar atmış olacağıq. Bunlar olmadığı halda isə, təbii ki, cəmiyyətdə bir çox mənfi hallar baş verə bilər. Cinayət hadisələri, hüquq pozuntuları, qayda pozuntuları, təhsil səviyyəsinin aşağı düşməsi kimi hallar müşahidə oluna bilər. Cinayətlərin artdığını, oğurluq hallarının çoxaldığını görürük.
Belə deyək, mənəvi olaraq müəyyən dəyərlər ailə tərəfindən öyrədilmədikdə, hətta burada ailə tərbiyəsindən əlavə, valideyn uşağa özünü tərbiyə etməyi də öyrətməyi bacarmalıdır. Bunlar olmadığı halda, həmin şəxs sağlam şəkildə, sağlam bir şəxsiyyət və sağlam psixologiya ilə böyümədikdə, cəmiyyət daxilində də müəyyən davranışlarda, duyğularda, danışıqda və ünsiyyətdə bunların hər biri öz mənfi təsirini göstərmiş olur”.
Aydan Məmmədova ailə daxilində gender bərabərliyinin tərəfdarı olmadığını vurğulayıb. O söyləyib ki, gender bərabərliyi sadəcə iş mühitində qadın və kişi arasında iş bölgüsünün və ödənişlərin bərabər şəkildə bölünməsindən asılıdır. Amma bunu cəmiyyətdə gender bərabərliyi var deyərək, qadınların "qəfəs"də yaşadığını aşılayaraq azadlıq adı altında üsyan etmələri kimi təqdim etmək düzgün deyil:
“Müəyyən bir cəhətdən bəzən insanlar feministliyi, bəzi xanımlarımız isə gender bərabərliyi deyərək sərbəstlik, azadlıq arzusu ilə əlaqələndirirlər. Amma bunların heç biri gender bərabərliyini qorumur və yaxud da azadlıq anlayışını tam ifadə etmir.
Gender bərabərliyi ola bilməz, çünki bioloji, fiziki, psixoloji, emosional və ruhsal baxımdan qadın və kişi arasında çox fərq var. Biri digərindən müəyyən cəhətlərdə güclü olduğu halda, digər cəhətlərdə isə zəif ola bilər. Yəni qadın güclü olduğu yerdə kişi zəif olur, kişi güclü olduğu yerdə isə qadın zəif olur. Hər ikisi bu şəkildə bir-birini balanslaşdırır.
Yəni gender bərabərliyi deyərək qadınlar kişi işi görməli deyil, gender bərabərliyi deyərəkdən də kişilər qadın işi görməli deyil. Hər kəsin özünə görə iş bölgüsü var. Burada əsas məsələ qarşılıqlı hörməti və qarşılıqlı davranışları nəzərə almaqdır. Ümumilikdə, hər bir insan öz hüquqlarını, yəni öz cinsinə məxsus olan hüquqları bilməyi bacarmalıdır. Onlara yaraşan davranışları, duyğuları və emosiyaları qəbul etməli, özlərini olduğu kimi, yəni şəxsiyyətlərini olduğu kimi qəbul etməyi bacarmalıdırlar.
Müəyyən mərhələlərdə və müsbət istiqamətdə, kiməsə və ya nəyəsə görə, hansısa dırnaqarası anlayışlardan yola çıxaraq özlərini formalaşdırmamalıdırlar. Özlərini kəşf edərək, real mənlərini üzə çıxararaq şəxsiyyətlərini formalaşdırmalı və inkişaf etdirməlidirlər. Bunu da qeyd edim ki, şəxsiyyət bütün ömür boyu inkişaf etdirilə bilən bir xüsusiyyətə sahibdir.
Biz özümüz böyüdükcə rol bölgülərini də doğru şəkildə ayırırıq və rol bölgülərinə əsasən sağlam qərarlar verə bilirik. Uşaqların formalaşmasına necə təsir edə bilərlər məsələsinə gəldikdə isə, gender və ailə anlayışlarının yanlış anlaşılması, təbii ki, artıq zəncirvari şəkildə müəyyən davranışların formalaşmasına səbəb olacaq. Onsuz da uşaq da ailəsinin, necə deyərlər, güzgüsüdür. Yəni ailədə baş verən hər bir prosesi uşağa baxdığımız zaman görə bilərik. Uşaq da ailəsindən gördüklərini mənimsəyir.
Nəyə görə ailəsindən gördüklərini özünə qəbul edir? Çünki dünyaya ilk göz açdığı yer ailə olduğuna görə, ora onun sonsuz və sualsız güvəndiyi bir yerdir.Güvəndiyinə görə də “anam bunu etdisə, deməli, doğrudur”, “atam bunu etdisə, deməli, mən də edə bilərəm” kimi bir yanaşma formalaşa bilər.
Yəni bunu şüurlu olaraq qəbul etməsə də, müəyyən müddətdən sonra bu məlumatlar onun şüuraltında öz yerini tutur. Amma şüuraltı doğru və yanlış anlayışını ayırmır. Əgər bu məlumat gəldisə, həmin məlumatın hər birini şüuraltımız bir-bir qəbul etmiş olur. Bu da artıq bizim davranışlarımıza, reflekslərimizə, düşüncələrimizə və duyğularımıza təsir edir. Bunları nizamlamaq üçün də dediyim kimi, ən başda hər bir məlumatı öncəliklə daha dərindən mənimsəyərək, özümüzə məxsus şəkildə və sağlam formada anlayaraq, daha sonra təhlil etmək lazımdır".
Psixoloqun fikrincə, gender rollarını düzgün şəkildə uşaqlar arasında bölüşdürülməməsi də ailələrdə böyük problemlərə səbəb olur. Ailə daxilində stereotiplər üstünlük təşkil edirsə, oğlan uşaqlarına emosiyalarını göstərmək, ağlamaq qadağan edilirsə, amma qız uşaqlarına müəyyən güzəştlər edilirsə, onların ağlaması, emosiyalarını göstərməsi daha anlaşılan hesab olunursa, bu, gələcəkdə oğlan uşaqlarında emosional zəkanın aşağı olmasına, özünəinamın zəifləməsinə və bu cür şəxsiyyətlərin yetişməsinə gətirib çıxara bilər:
"Ailə daxilində hüquqların yerinə yetirilməsinin və emosional dəstəyin bərabər şəkildə bölüşdürüldüyünü uşaq gördüyü zaman, gələcəkdə özü də sağlam və bərabərhüquqlu münasibətlər qurmağa meyilli olacaq. Yəni qədaın və kişi hüquqlarının nə olduğunu tam dərk edəcək.
Həmin uşaqlar artıq doğru və yanlışı sağlam şəkildə qavradıqlarına görə, gələcəkdə də bunu qoruyub saxlaya bilərlər. Boşanan ailələrdə isə həmin azyaşlı uşaqlarla bağlı belə bir vəziyyət yaranır. Boşanma zamanı valideynlər arasında, məsələn, ana və ya ata uşağın yanında qalırsa, belə ifadələr işlədə bilər: “Sən digər valideyninə, yəni anana və ya atana daha yaxınsan, mənə yaxın deyilsən, onun üçün daha çox darıxırsan”.
Təbii ki, burada uşaq hazırda faktiki olaraq hansı valideynin yanındadırsa, onunla daha çox zaman keçirir və eyni ortamda olur. Buna görə də həmin valideyn üçün darıxmasının o qədər də nəzərəçarpacaq olmaması təbiidir. Digər valideyn isə uzaqda olduğuna və müəyyən zaman məhdudiyyəti çərçivəsində görüşdüklərinə görə uşaqla kifayət qədər vaxt keçirə bilmir. Ona görə də uşağın həmin valideyn üçün daha çox darıxması və ya ona qarşı emosiyalarını daha çox göstərməsi mümkündür.
Lakin bunun digərinə nisbətən daha yüksək olması o demək deyil ki, uşaq yanında olan valideyni daha az, digər valideyni isə daha çox istəyir. Sadəcə olaraq, bu, zaman məhdudiyyəti ilə bağlıdır. Beyin də zaman məhdudiyyətini şüuraltı səviyyədə qəbul etmədiyinə görə belə davranışlar ortaya çıxa bilər.
Bəs bunu boşanan ailələr necə tənzimləyə bilər? Təbii ki, burada arada ayrı-seçkilik etmədən nənə və babaların, yaxud digər böyüklərin də uşağa münasibətdə düzgün mövqe nümayiş etdirməsi vacibdir. Onlar da uşağın hər iki valideynini nəzərə alaraq ayrı-seçkiliyə yol verməməlidirlər.
Boşanan ailələr sadəcə olaraq cütlük kimi ayrılıblar. Onlar ana və ata kimi ayrılmayıblar. Onlar hələ də uşağın anası və atasıdır. Bunu dərk etdikləri zaman həmin ana və atalar, yəni cütlüklər öz valideynlik rollarını da sağlam şəkildə qoruyub saxlaya biləcəklər.
Ananın ataya, atanın anaya qarşı olan qısqanclığını, incikliyini və yaxud qəbul etmədiyi hər hansı duyğularını uşaq üzərindən ifadə etməsi, təbii ki, yanlışdır. Yəni burada onlar özlərindən əlavə uşağa da zərər vermiş olurlar.
Bir şeyi də qeyd edim ki, bəzən bu, açıq şəkildə ailələrdən də müşahidə olunur: evdə, ailədə hər hansı bir şəxsə əsəbiləşir və gəlib əsəbini uşaqdan çıxır. Bunlar da, təbii olaraq, yanlışdır. Bu cür davranışlar uşağın özünü dərk etməsində, şəxsiyyətinin formalaşmasında və psixoloji inkişafında bir çox problemlərə gətirib çıxara bilər”.
A. Məmmədova son olaraq xüsusilə vurğulayıb ki, cəmiyyət olaraq diqqətimizi ailələrin formasına, onların boşanıb-boşanmamasına deyil, daxili emosional sağlamlığa yönəltməliyik. Yəni, sağlam gender anlayışının və sağlam emosional zəkanın formalaşmasına diqqət etməliyik. Gələcəyə həqiqətən də bir şəxsiyyət yetişdirdiyimizi dərk etsək, uşaqlara da cinsindən asılı olmayaraq, öncəliklə fərd kimi hörmət etsək, onları emosional şiddətdən və stereotiplərdən uzaq tutsaq, təbii ki, bu zaman artıq sağlam bir cəmiyyət formalaşdırmış olacağıq.
Fidan Vəlisoy
6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
