Azərbaycan rəsmi olaraq Avropa Parlamenti ilə bütün əlaqələri dayandırır. Milli Məclisin qərarına əsasən Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinə son verilir. Parlamentin Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulur.
Bəs
buna nə səbəb oldu, axı Milli Məclis Avropa Parlamenti ilə əlaqələri hələ
2015-ci ildə dayandırsa da, qarşı tərəfin çoxsaylı müraciətlərini və vədlərini əsas
götürərək, əməkdaşlığı yenidən bərpa etmişdi. Amma Avropa Parlamenti nəinki bu
vədlərinə əməl etmədi, hətta özünün anti-Azərbaycan siyasətini, böhtan və
qarayaxma fəaliyyətini bir qədər də artıraraq ölkəmizə qarşı açıq-aşkar böhtanlar belə yağdırmağa, Ermənistanla
münasibətlərin normallaşmasını dəstəkləmək əvəzinə həssas sülh prosesini zədələməyə
başladı. Bu da nəticəsi!
Tərəflər arasında növbəti siyasi böhrana səbəb Avropa Parlamenti tərəfindən aprelin 30-da əslində Ermənistanla bağlı qəbul etdiyi, amma bir neçə bəndi Azərbaycana qarşı olan yeni qətnamə oldu. Xatırladaq ki, Avropa Parlamentində (AP) müzakirəyə çıxarılmış “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə layihəsi formal olaraq Ermənistana dəstək kimi təqdim olunsa da, bir sıra bəndlər birbaşa Azərbaycana qarşı əsassız ittiham və tələblərlə dolu idi. Baxmayaraq ki, Azərbaycan Avropa Parlamentini dəfələrlə qərəzli və əsassız ittihamlara son qoymağa, anti-Azərbaycan mövqeyindən əl çəkməyə, bölgədəki yeni geosiyasi reallıqlardan çıxış etməyə çağırsa da görünən odur ki, gerçəkdən də qozbeli qəbir düzəldərmiş. Amma bu qozbelin işi daha qəbirdən də keçib. Belə ki, avropalı cənablar, Azərbaycan ərazilərində törətdikləri hərbi cinayətləri bütün dünyaya sübut olunan erməni başkəsənlərini utanmadan “hərbi əsir” adlandırır, 2023 -cü ildə Azərbaycan Konstitusiyasına uyğun olaraq təqdim edilən reinteqrasiya planına baxmayaraq, bölgəni komfortla, könüllü şəkildə tərk edən ermənilərin indi geri qaytarılmasından dəm vurur, işğal zamanı Qarabağda qanunsuz inşa edilən yeni tikililəri hansısa müqəddəs qədim erməni irsi kimi təqdim edir və onun dağıdılması barədə sayıqlamalar tirajlayırlar. Dolayısı ilə Azərbaycanı mədəni -dini irsi dağıdan, təhqir edən barbarlar kimi təqdim etməyə çalışırlar. Halbuki, Qarabağın azad edilməsindən sonra kimin dağıdıcı və barbar olduğunu bütün dünya yaxşı gördü. Amma nədənsə dini abidələri uçurdan, orada inək, donuz saxlayan Ermənistan yox, istər İslam, istərsə də xristian dininə məxsus olmasına baxmayaraq bütün abidələri bərpa edən, parklar, yollar salan, hava limanları inşa edən Azərbaycan barbar kimi qələmə verilir.

Bütün bunlar qərəz deyil bəs nədir? Yeri gəlmişkən bir faktı da xatırladaq, ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Avropa Parlamenti Azərbaycan əleyhinə bu cür düz 13 qərəzli qətnamə qəbul edib. Bu mənasız və heç bir hüquqi əsası olmayan kağız parçalarında Azərbaycan gah erməni mədəni irsinə düzgün olmayan münasibətdə günahlandırıldı, gah da az qala Qarabağda etnik təmizləmədə ittihamlandı. Amma heç birində nə dağıdılan Azərbaycan abidələrindən, nə də gerçək etnik təmizləmədən, azərbaycanlılara qarşı soyqırımdan bircə kəlmə də söz açılmadı. Bütün bunlar təsadüfi yox, Azərbaycana qarşı sistemli və təşkil edilmiş strategiya olduğuna şübhə qalırmı? Bunun adı islamafobiya, qərəz və böhtan, Azərbaycanı gözü götürməmək deyil bəs nədir? Elə prezident İlham Əliyev də Euronews telekanalına müsahibəsi zamanı bildirmişdi ki, “Avropa Parlamentinin Azərbaycana qarşı olan bu qərəzli yanaşması Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir”.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qətnaməni “diplomatik rüsvayçılıq və iflas” adlandıraraq, sənədin Azərbaycan üçün hüquqi qüvvəsinin olmadığını və ölkənin daxili işlərinə müdaxilə cəhdi kimi dəyərləndirdiyini bildirib.

İndi gəlin görək bu qurumun öz içində nələr baş verir? Əvvəlcə tam cəsarətlə bildirək ki, Avropa Parlamentinin hazırda Avropa İttifaqından daha çox müxtəlif lobbi qurumlarının, hətta böyük şirkətlərin maraqlarının müdafiəçisinə, bəlkə də girovuna çevrilib.
Keçək faktlara, 2022-ci ildə Qətərqeyt işi Avropa Parlamentinin tarixinə ən böyük korrupsiya biabırçılığı kimi düşdü. Belçika hüquq-mühafizə orqanları əməliyyat keçirdi, böyük məbləğdə nəğd pul aşkar etdi. Yunan əsilli Yeva Kaili Qətər və digər ölkələrdən külli miqdarda rüşvət aldığına görə hətta həbs olundu. Özü də bu şəxs, həbs olunana qədər elə belə yox, Avropa Parlamentinin on dörd vitse-prezidentindən biri vəzifəsində çalışırdı. Bir təşkilatın ki, adi üzvü yox, vitse-prezidenti rüşvət alır, o zaman ondan daha obyektiv nəsə gözləməyə dəyərmi? Yaxud da Sunday Times jurnalistləri araşdırmalar zamanı aşkar etmişdilər ki, bəzi deputatlar pul qarşılığında bəzi qanunlara dəyişikliklər edirmişlər. Nəticədə bir neçə deputat istefa verməli olmuşdu. Məşhur Huawei şirkəti də Avropa Parlamentində geniş lobbi şəbəkəsi yaratmış və şirkətin maraqlarının önə çəkilməsi üçün buradakı əsas siyasətçilərlə dırnaqarası işbirliyi qurmuşdular. Doğrudur, Avropa Parlamentində lobbiçilik fəaliyyətinə qanunla icazə verilir, amma bu, korrupsiya və tərəfkeşlik, böhtan və qərəzli yanaşmalarla edilmir axı. Avropa Parlamentinin əsl iç üzünü açan bu cür faktlar çoxdur, saymaqla bitməz. Amma indi siz deyin, rüşvətlə qanunları dəyişən, lobbi qruplarının təzyiqi ilə istənilən ölkəni hədəfə alıb, ləkələməyə çalışan, ona – buna qarşı qərəzli qətnamələr qəbul edən, ölkələrin ərazi bütövlüyünə, daxili işlərinə burnunu soxan və əsl bazarı xatırladan belə bir təşkilatla Azərbaycanın konstruktiv ruhda əməkdaşlığı mümkündürmü və ya lazımdırmı?
QAFQAZ CƏNUBLU