Azərbaycan
xarici siyasətində
daha bir uğura imza atıb. Ölkəmiz 121
ölkəni birləşdirən Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində 21-ci əsrdə davam
edən müstəmləkəçilik və onun yeni təzahürlərinin aradan qaldırılmasını əsas xarici siyasət
istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi.
Azərbaycan
çoxtərəflilik dəyərlərini təşviq edərək
müstəmləkəçilik meyillərinə qarşı mübarizənin əsas lokomotivi rolunu öz üzərinə
götürmüşdür.
Bu günlərdə 2 ili tamam olan Bakı Təşəbbüs Qrupu (BTQ) bu müddət ərzində beynəlxalq qeyri-hökumət təşkilatı kimi, Fransanın dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada, dekolonizasiya və insan haqları məsələləri üzrə əhəmiyyətli nəticələr əldə edib. Məqsədi müstəmləkə altında yaşayan xalqların azadlıq uğrunda mübarizəsinə dəstək vermək olan təşkilat dünyada neokolonializmə qarşı mübarizədə mühüm rol oynayır. Fransanın müstəmləkə cinayətlərinin ifşa edilməsi və ona qarşı mübarizədə Bakı Təşəbbüs Qrupunun yaradılması rəsmi Parisi ciddi narahat edib. Nəticədə dünyada ən güclü müstəmləkəçi ölkə kimi tanınan Fransa geri çəkilməyə məcbur olub, bir çox nüfuz dairələrində zəifləyib, yerli xalqlar üzərində öz imicini və gücünü itirib.
İyulun 12-də Yeni Kaledoniyanın gələcək statusunun müəyyənləşdirilməsi məqsədilə Parisdə Fransa Hökuməti müstəqillik tərəfdarları və əleyhdarları razılaşma əldə edərək sazişə imza atıblar. Fransa dövlət başçısı E.Makron ilk dəfə idi ki, Yeni Kaledoniya ilə bağlı danışıqda şəxsən iştirak edib. Sazişə əsasən Fransa Konstitusiyası tərəfindən tanınan və beynəlxalq ictimaiyyət tərəfindən tanınması nəzərdə tutulan, Fransa tərkibində unikal institusional qurum - “Yeni Kaledoniya Dövləti” yaradılacaq. Yeni Kaledoniya öz müqəddaratını təyin etmək hüququnu da özündə saxlayır. Bununla da bəzi Fransa rəsmilərinin dəyişdirilməsi mümkünsüz elan etdiyi Fransa Konstitusiyasının “toxunulmazlığı”na son qoyulur. Beləliklə dekolonizasiya istiqamətində unikal presedent yaranır.
Dünyaya özünü “demokratiya carçısı” kimi tanıdan Fransa və onun rəsmi şəxsləri hər fürsətdə bu məsələ “daxili işimizdir” deyib, insanları həbs edir, ölümlə hədələyir, üsyanları yatırdırdı. Dənizaşırı ərazilərdə, xüsusilə Yeni Kaledoniyada əhalinin Fransa hökumətinin siyasətindən ciddi narazılığını neytrallaşdırmaq məqsədilə Prezident E. Makron tez-tez Yeni Kaledoniya, Vanuatu və digər adalara səfər etmək məcburiyyətində qalıb. Halbuki, o, bu ərazilərə sonuncu dəfə 2018-ci ilin mayında baş çəkmişdi.
Fransanın
dənizaşırı ərazilərə münasibətdə məqsədli şəkildə ayrı-seçkilik siyasəti
aparması və nəticədə ən zəif inkişaf etmiş ərazilərin məhz müstəmləkəçilikdən əziyyət
çəkən departamentlərin olması faktı, uzun illərdi bu ərazilərin təbii sərvətlərinin
mərkəzi hakimiyyət tərəfindən talan edilməsi bu ərazilərin səlahiyyətli şəxsləri
və siyasətçilərinin Azərbaycan Prezidentinin timsalında özlərinə “Ümid yeri”
kimi baxmasına gətirib çıxardıb.
Prezident İlham Əliyev
nüfuzlu beynəlxalq platformalarda mütəmadi olaraq, xüsusilə COP29 zamanı müstəmləkəçiliklə
mübarizəni gündəmə gətirmiş, ədalət və beynəlxalq hüquq naminə müstəmləkəçiliyin
tamamilə ləğv edilməsi, keçmişdə və hazırda müstəmləkə şəraitində yaşayan
xalqların müstəqil yaşaması, öz müqəddəratını təyin etməsinə dəstək ifadə edib.
Əsarət
altında yaşayan xalqların dövlət başçısına xüsusi rəğbəti və hər fürsətdə
bunu dilə gətirmələri, bu dəstəyi müxtəlif jestlərlə qiymətləndirməsi - istər dəmir
yumruğu özlərinə şüar
seçmələri, istər onun portretini qaldırmaları, istər Azərbaycan
bayrağını öz ölkələrində dalğalandırmaları, istərsə də, BTQ ətrafında sıx birləşərək
Bakının beynəlxalq dekolonizasiya mərkəzinə çevrilməsinə zəmin yaratmaları – bu
yüksək qiymətin təzahürü idi.
Bundan
başqa, BTQ Yeni Kaledoniyada insan haqları pozuntularını BMT səviyyəsində gündəlikdə
saxlaya bilib. BMT-in müxtəlif platformalarında bu məsələ daim gündəmə gətirilib,
plenar iclaslarında çıxışlar edilib, Fransa nümayəndə heyətinə suallar
ünvanlaya bilib, alternativ hesabatlar, vizual materiallar hazırlanıb və yayılıb.
Bir sözlə, Kanak xalqı BTQ-in dəstəyi ilə məlumat blokadasını yara bilib və öz
səslərini ucalda bilib.
Ermənistan-Azərbaycan
normallaşma prosesinə
hər vəchlə mane olan, Ermənistanda
revanşizmi dəstəkləyən, Avropa İttifaqının sərt məhdudiyyət qaydalarına
baxmayaraq bir tərəfli qaydada Ermənistanı silahlandıran, maliyyə dəstəyi verən
Fransa, Prezident İlham Əliyevə təzyiq
etməyin mənasız olduğunu başa düşsə də, düşmənçilik mövqeyindən əl çəkməyib.
Fransa ərazi baxımdan
Azərbaycandan 7 dəfədən artıq, əhali baxımdan 6 dəfədən çox olsa da, dövlət
başçımız fransalı həmkarını bütün cəbhələrdə neytrallaşdıra, hətta açıq-aşkar
üstələyə bilib. 44 günlük Vətən Müharibəsində Ali Baş Komandanın Ermənistan üzərində
Zəfərini öz şəxsi məğlubiyyəti hesab edən Makron bu dəfə “daxili iş” deyərək
neytrallaşdırmağa çalışdığı koloniyalaşdırma məsələsində də cənab Prezidentə məğlub
oldu və o, müstəqillik tərəfdarlarına münasibətdə böyük güzəştə getməyə - Yeni
Kaledoniya üzərindəki əsarətini bitirməyə məcbur oldu.
FLNKS hərəkatının rəhbərlərindən biri Rok Vamitan sözügedən Sazişin beynəlxalq hüquqa əsaslandığını
bildirib. Layihə əvvəlcə hərəkatlar tərəfindən qiymətləndirilməli, daha sonra
Kanak xalqı tərəfindən təsdiqlənməlidir. İmzalayan tərəflər sənədi müdafiə öhdəliyi götürüblər.
Təbii ki, bunu xalqa qəbullandırmaq elə də asan iş olmayacaq.
2026-cı ildə Yeni
Kaledoniyanın təşkilati quruluşunu müəyyən edən əsas qanun qəbul ediləcək. Bu
qanun ölkənin adı, bayrağı və digər simvollarının dəyişdirilməsinə imkan
yaradacaq. Həmin ildən Kaledoniyalılar Fransa ilə yanaşı, Kaledoniya vətəndaşlığına
da sahib olacaq və Avropa vətəndaşlığını saxlayacaqlar. Fransa, beynəlxalq öhdəliklərinə uyğun
olaraq, Yeni Kaledoniyanın maraqlarını beynəlxalq aləmdə müdafiə etməyi və onun
beynəlxalq inteqrasiyasına dəstək verməyi öhdəsinə götürür. Təhlükəsizlik,
müdafiə və ictimai əsayiş sahəsində Fransa səlahiyyətli qalır və bu sahələrdə
Kaledoniya tərəfi yaxından cəlb ediləcək. Təhlükəsizlik üzrə Ali Kaledoniya Şurası
yaradılacaq, bölgələr və adət-ənənə zonalarında yerli polis qurumları təsis
edilə biləcək. Həmçinin, Fransa və Yeni Kaledoniya arasında maliyyə və iqtisadi
bərpa paktı imzalanacaq, nikel sənayesinə dair strateji plan hazırlanacaq.
Seçkilərlə
bağlı əldə olunan razılıqla
isə ən azı 12 min yeni insan regional seçkilərdə səs verə biləcək. Belə ki, Materik
Fransada 18 yaşı tamam olan hər bir Fransa vətəndaşı səs
verə bildiyi halda, Yeni Kaledoniyaya bu şamil olunmurdu və burada seçici
hüquqları məhdudlaşdırılmışdı. Hazırki Sazişdən öncə, Yeni
Kaledoniyada səsvermə hüququ olan şəxslər 1998-ci il noyabrın 8-dək (Numea
Sazişi referendumu tarixi) Yeni Kaledoniyada daimi yaşayan şəxslər, Yerli Kanak
əhalisi, Fransız müstəmləkəçilərinin nəsilləri və digər uzunmüddətli rezidentlər
idi. Seçicilər 1998-ci ilə qədər daimi rezidentlik sübut etməli idilər. Vəziyyət
1998-ci ildən sonra Yeni Kaledoniyada
doğulmuşlar üçün daha təəccüblü
idi, çünki onların hamısı səsvermə hüququna malik deyildi – bu hüquq valideynlərinin Yeni
Kaledoniyaya Noumea Sazişindən əvvəlmi,
yoxsa sonramı köçməsindən asılı olaraq dəyişirdi.
2024-cü
ilin mayında Fransanın 10 illik rezidentlərə səsvermə hüququ vermək təklifi
Kanaklar tərəfindən onların siyasi təsirini azaltma cəhdi kimi qəbul edildi və
iğtişaşlara səbəb oldu, 14 nəfər insan öldürüldü, 100-ə yaxın
azadlıq tərəfdarı həbs
edilib, yaralanıb, infrastruktura milyonlarla avro dəyərində ziyan dəyib.
Hazırki
Saziş isə minimum 15 il burada yaşayan insanları və yerli kanakları
əhatə etməklə, daha çox seçiciyə regional seçkilərdə və gələcək referendumlarda
iştirak imkanı verəcək.
Qeyd
edim ki, bu razılaşmanın icrasını Fransa
Dövlətini və kaledoniyalı siyasi tərəfdaşları təmsil edən şəxslərdən ibarət
Nəzarət Komitəsi izləyəcək. İndi isə Sazişin taleyi kanak xalqının qərarından
və iradəsindən asılıdır.
- Pərvanə Vəliyeva,
- Milli Məclisin deputatı