“Ümid edirik ki, Rusiya tərəfi qısa zaman ərzində AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın gedişi və konkret nəticələri, həmçinin cinayəti törətmiş şəxslərin məsuliyyətə cəlb olunması barədə Azərbaycana məlumat verəcək. Əgər bu addım atılmasa, o zaman Prezident İlham Əliyevin qeyd etdiyi kimi, beynəlxalq məhkəmələrdə iddia qaldırmaq hüququnu özümüzdə saxlayırıq”.
Manset.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olan Azərbaycan baş prokuroru Kamran Əliyev səsləndirib.
Baş prokuror bildirib ki, hadisə baş verən kimi Azərbaycanın prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Eyni zamanda, Qazaxıstan tərəfi də cinayət işi başladıb. Sonra Rusiya İstintaq Komitəsi də prosesə cəld olunub.
“Sual yarana bilər ki, eyni hadisəyə görə niyə bir neçə ölkə cinayət işi başladır? Çünki bu məsələ hər üç dövlətin maraqlarına toxunub. Hadisə zamanı hər üç ölkənin və digər dövlətlərin vətəndaşları həm dünyasını dəyişib, həm də xəsarət alıblar”, - deyə K. Əliyev diqqətə çatdırıb.
O deyib ki, Azərbaycanın rəsmi strukturları həm Rusiya, həm də Qazaxıstan tərəfi ilə bu məsələ ilə əlaqədar əməkdaşlıq edir.
“Prezindent İlham Əliyevin də qeyd etdiyi kimi, biz Rusiya İstintaq Komitəsi ilə daim əlaqə saxlayırıq, məktublar ünvanlayırıq. Qarşı tərəf hələ ki istintaq hərəkətləri və ekspertizaların həyata keçirilməsini əsas gətirərək istintaqın konkret nəticələri barədə bizə məlumat vermir”, - deyə baş prokuror vurğulayıb.
Kamran Əliyevin sözlərinə görə, Azərbaycan tərəfinin hadisə ilə bağlı kifayət qədər sübutları var.
“İlkin mərhələdən etibarən biz zəruri olan bütün sübutları toplamışıq. Hadisənin baş verməsi və səbəbləri barədə kifayət qədər məlumatımız var, sübutlar mövcuddur. Qazaxıstan tərəfi ilə fəaliyyətimizi koordinasiya edirik. Bu yaxınlarda istintaq qrupumuzun üzvləri Qazaxıstana səfər ediblər və həmkarlarla işguzar görüş keçiriblər. Biz, həmçinin Braziliya prokurorluğu ilə əlaqə saxlayırıq. Çünki “Embraer-190” təyyarəsi bu ölkədə istehsal olunub”, - deyə o əlavə edib.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökümə Cəlil qızı Əliyevaya ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Qəzadan sağ çıxan ekipaj üzvləri Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.