Fövqəladə Hallar Nazirliyi (FHN) Salyan və Sabirabad rayonlarında 4 ədəd 2 otaqlı fərdi yaşayış evinin tikintisinə başlayır.
Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti bununla bağlı hazırlıqlara start verib.
Belə ki, FHN-in sifarişi ilə 4 ədəd 2 otaqlı fərdi yaşayış evinin tikintisi aparılacaq.
Hazırda nazirlik tikinti işlərinin icrasını həyata keçirəcək şirkət axtarışındadır. FHN sözügedən evlərin tikintisinə 261.218,96 manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Qeyd edək ki, təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərdə, bina və qurğularda bərpa və yenidənqurma işlərinin təşkili, bu işlərlə bağlı sifarişçi funksiyasının yerinə yetirilməsi Agentliyin vəzifələrindən biridir.
Xatırladaq ki, bundan əvvəl FHN-in sifarişi ilə Nəvahi qəsəbəsində 11 ədəd (iki otaqlı), Şamaxı və Ağsu rayonlarında 5 ədəd (2 ədəd üçotaqlı və 3 ədəd ikiotaqlı), Lənkəranda 2 ədəd, Siyəzəndə 1 ədəd 3 otaqlı, Zaqatalada 34 ədəd, Şamaxı, Ağsu rayonlarında 5 ədəd fərdi yaşayış evinin tikintisi, cənub bölgəsində isə 14 ədəd fərdi yaşayış evinin tikintisi ilə bağlı hazırlıqlara başlanılıb.