Azərbaycan ərazisində istehsal olunan yük avtomobillərinin satışı 2026-cı il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad ediləcək.
Manset.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan avtobusların satışı 2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azaddır.
Eyni zamanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində avadanlıqların və materialların idxalı 2029-cu il yanvarın 1-dək müddətinə ƏDV-dən azad ediləcək.
Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, sözügedən güzəştlər 2021-ci il yanvarın 1-dən tətbiq edilirdi və müddəti 2026-cı il yanvarın 1-də başa çatacaqdı.
Gəmiqayırma və gəmi təmiri müəssisələri üçün də güzəşt müəyyənləşir.
Layihəyə əsasən, gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı 2026-cı il mayın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azad olacaq.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.