Azərbaycanda əsrlər boyu fərqli dini və milli mənsubiyyətlərdən olan insanlar birgə yaşayıb, bir-birinə hörmət və anlayışla yanaşıblar. Ölkə, müxtəlif mədəniyyətlərin və dinlərin bir arada sülh və əmin-amanlıq içində yaşadığı nadir nümunələrdən biridir. Dövlətin apardığı düzgün siyasət və cəmiyyətin əslində formalaşdırdığı qarşılıqlı anlayış sayəsində Azərbaycanda dini və milli tolerantlıq, millətlərarası münasibətlər müsbət inkişaf edir. Bu yolla ölkə, həm regionda, həm də beynəlxalq aləmdə dinlər və millətlər arasında dostluq və əməkdaşlığın qorunub saxlanmasının təməlini qoymuşdur. İndiki dövrdə Azərbaycanda birgəyaşama mədəniyyəti, müxtəliflikdən güc alaraq inkişaf edir və bu, ölkənin beynəlxalq münasibətlərində də böyük rol oynayır.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva Manset.az-a açıqlamasında bildirib ki, tarixən formalaşmış və müasir dövrdə dövlət siyasəti səviyyəsinə qaldırılmış tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətini səciyyələndirən ən mühüm dəyərlərdən və ən böyük sərvətlərdən biridir:

“Müxtəlif dinlərin və etnik qrupların nümayəndələri ölkəmizdə sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayırlar. Bu model təkcə hüquqi dövlətin deyil, həm də mədəni və mənəvi cəhətdən inkişaf etmiş bir cəmiyyətin məhsuludur. Öz unikal təcrübəsini beynəlxalq aləmlə bölüşən müasir Azərbaycan çoxkonfessiyalı və çoxmillətli bir ölkə kimi bu ənənələrə sadiqliyini nümayiş etdirir və qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır.
XX əsrin sonu sosialist düşərgəsinin süqutu ilə dünyanın siyasi xəritəsində dəyişikliklərə və qlobal problemlərin kəskinləşməsinə səbəb oldu. İqtisadi, ekoloji və demoqrafik çətinliklərlə yanaşı, mənəvi-etik dəyərlərə diqqətin azalması və dini fərqliliklərə əsaslanan “sivilizasiyaların toqquşması” nəzəriyyəsinin yayılması kimi təhdidlər meydana çıxdı. Bəzi separatçı qruplar öz fəaliyyətlərinə haqq qazandırmaq üçün dini amildən bir vasitə kimi istifadə etməyə başladılar.
Belə bir mürəkkəb beynəlxalq şəraitdə, dinlər və mədəniyyətlər arasında dialoqun qurulması bəşər sivilizasiyasının müxtəlifliyini qorumaq üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycanın bir çox millətin və dini konfessiyanın əsrlər boyu dinc yanaşı yaşadığı unikal tolerantlıq təcrübəsi nümunəvi bir model təşkil edir”.
Deputat qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi, əhalisinin etnik tərkibi və tarixi inkişafı burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ölkə təkcə ilk insan məskənlərindən biri deyil, həm də tolerantlıq mədəniyyətinin beşiyidir:
“Tolerantlıq ənənəsinin kökləri tarixin dərinliklərinə gedir. Eramızın I əsrinin ortalarında isə xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirərək sonradan burada Alban avtokefal kilsəsinin əsasını qoymuşlar.
İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmləndi. Qurani-Kərimin "Dində məcburiyyət yoxdur" ayəsi müsəlman tolerantlığının əsasını təşkil edir. Tarixi mənbələr təsdiq edir ki, VII-VIII əsrlərdə müsəlmanlar yəhudilik, xristianlıq və zərdüştlük tərəfdarlarına qarşı ehtiram və dözümlülük nümayiş etdirirdilər.
Tarix boyu Azərbaycan xalqları dünyagörüşlərindəki fərqlərə baxmayaraq, ərazidə yaşayan digər etnik və dini qruplarla yaxınlaşmışdır.
Müstəqillik dövründə, xüsusilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra tolerantlıq dövlət siyasətinin prioritet istiqamətinə çevrildi. Heydər Əliyevin formalaşdırdığı dövlət-din konsepsiyası ölkədəki tolerantlıq mühitini daha da möhkəmləndirdi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir Azərbaycan dövlət-din münasibətləri modelində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Multikulturalizm və dini dözümlülük güclü hüquqi bazaya malikdir. Konstitusiyanın 18-ci maddəsi dinin dövlətdən ayrı olduğunu və bütün dini etiqadların qanun qarşısında bərabər olduğunu təsbit edir. İnsan ləyaqətini alçaldan dinlərin təbliği qadağandır. Konstitusiyanın 48-ci maddəsi hər bir vətəndaşın vicdan azadlığını, dinə münasibətini sərbəst müəyyənləşdirmək, dini əqidəsini ifadə etmək və mərasimlərini yerinə yetirmək hüququnu təmin edir. "Dini etiqad azadlığı haqqında" Qanun bu hüquqları daha geniş şəkildə tənzimləyir”.
“Azərbaycan əhalisinin tərkibi həm etnik, həm də dini baxımdan zəngindir və bu müxtəliflik ahəngdar şəkildə mövcuddur. Ölkədə milli və ya dini zəmində heç bir ayrıseçkilik faktı qeydə alınmamışdır” - deyə Pərvanə Vəliyeva fikirlərinə əlavə edib.
Fidan Vəlisoy
6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 