Azərbaycanda dövlət və ictimai maraqların gücləndirilməsi - Sosial ədalət və inkişaf

12:17 - 13 Mart 2026

Azərbaycanda dövlət və ictimai maraqların gücləndirilməsi - Sosial ədalət və inkişaf

Azərbaycan ictimai və dövlət maraqlarının müdafiəsi sahəsində mühüm addımlar atmağa davam edir. Dövlət vətəndaşların hüquqlarının qorunması, ölkənin təhlükəsizliyi və iqtisadi inkişafı istiqamətində ardıcıl islahatlar həyata keçirir. Vətəndaşların dövlət qurumlarına olan etimadını artırmaq və məmur özbaşınalığının qarşısını almaq məqsədilə bir sıra qanunvericilik dəyişiklikləri həyata keçirilir. Ölkədə sosial ədalətin təmin olunması və ictimai sabitliyin qorunması üçün müxtəlif proqramlar tətbiq edilir. Dövlət orqanları həmçinin vətəndaşların sosial rifahını yüksəltmək, iqtisadiyyatın gücləndirilməsi və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq yeni təşəbbüslər irəli sürür. İctimai maraqların müdafiəsi və dövlətin uzunmüddətli inkişafı məqsədilə bu cür tədbirlər, Azərbaycanda daha ədalətli və firavan cəmiyyətin qurulmasına xidmət edir.



Milli Məclisin deputatı Pərvanə Vəliyeva Manset.az-a açıqlamasında bildirib ki, dövlət tərəfindən həyata keçirilən tədbirlər, fəaliyyətlər, siyasət və dövlət büdcəsi ictimaiyyətin maraqlarına xidmət etmək üçündür:


“İctimai maraqlar əsasında dövlət tədbirləri formalaşır. Bu, dövlətin daxili siyasətdə marağıdır. Vətəndaşlarımız ictimai maraq naminə dövlət tərəfindən görülən işləri dəyərləndirməli və ictimai nəzarətdə fəal rol oynamalıdır. Dövlətin xarici siyasətdə də maraqları var. Ölkəmiz tərəfindən aparılan xarici siyasət milli maraqlarımızın müxtəlif müstəvilərdə, ikitərəfli, regional və çoxtərəfli formatda müdafiəsinə və sərhədlərimizdə təhlükəsizliyə xidmət edir ki, bu da əhalimizin qorunmasını hədəfləyir. Sərhədlərimizdə təhlükəsizliyin təminatı da ictimaiyyətin marağındadır. Deməli, həm daxili, həm də xarici siyasətimiz ictimaiyyətin maraqlarına xidmət edir. Kiber təhdidlər, hibrid hücumlar, dezinformasiyalara qarşı ayıq-sayıq olmaq, onlarla mübarizədə iştirak etmək vacibdir. Hazırda dünyada gedən gərginliklər, müharibələr fonunda dezinformasiyalar sürətli şəkildə yayılır. Vətəndaşlarımız bu mənada yalnız rəsmi məlumatlara istinad etməli və dəqiqləşdirilməmiş məlumatları yaymamalıdır”.

Deputat qeyd edib ki, ölkəmizdə vətəndaş cəmiyyəti və Qeyri-Hökümət Təşkilatları (QHT) daim fəal çalışıb, son illərdə isə onların müxtəlif beynəlxalq müstəvilərdə fəaliyyəti artmaqdadır: 

“Onlar işğal dövründə fəal advokasiya apardıqları kimi, indi də Ermənistanla sülh və etimad quruculuğunda iştirak edirlər. Həmçinin onlar ictimai maraqlara xidmət edən iqtisadi, ekoloji, təhsil, mədəniyyət, səhiyyə və s. sahələrdə müxtəlif layihələr icra edərək dövlətin bu sahədə olan prioritetlərinə töhfə verirlər.

Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyəti də son dövrlərdə yeni və daha peşəkar dövrə qədəm qoyub. Tarixi Zəfərimizdən sonra regionumuzda yaranan beynəlxalq hüquqa əsaslanan status-kvo hər sahədə yeni çağırışlar yaratdığı kimi media sahəsində də yeni prioritetlər yaradıb. İctimai maraqların qorunması yönündə mediamız operativ və doğru xəbərin çatdırılması ilə güclü ictimai nəzarəti həyata keçirməklə cəmiyyəti narahat edən bir çox problemlərin həllinə töhfə verməklə yanaşı, cəmiyyətin müxtəlif mövzularda məlumatlanması, hüquqi maariflənməsi istiqamətində əvəzsiz rol oynayır”, - deyə Pərvanə Vəliyeva fikirlərinə əlavə edib.

 

Fidan Vəlisoy

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az