Toyuq ətinin bahalaşması iddiasına assosiasiya sədrindən CAVAB

13:50 - 29 Fevral 2024

Toyuq ətinin bahalaşması iddiasına assosiasiya sədrindən CAVAB

Son günlər toyuq ətinin qiymətində müəyyən dəyişiklik hiss olunur. Bəzi marketlərdə həm toyuq, həm də toyuğun ayrı-ayrı hissələrinin qiymətində 10-15 qəpik bahalaşma qeydə alınıb.

 

Manset.az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, toyuq ətinin bahalaşdığını görmürük:

“Monitorinqlərimizin nəticəsi olaraq deyə bilərəm ki, təzə kəsilmiş toyuğun bir kiloqramının qiyməti 4 manat 70 qəpikdir. Bir il əvvəl də qiymət eynən bu cür idi. Yəni son bir ildə toyuq ətinin qiyməti istehsalçılar tərəfindən qaldırılmayıb.

Gəzən xəbərlərdən sonra mən bir daha istehsalçı şirkətlərlə əlaqə saxladım. Bir sıra istehsalçılar bildirdilər ki, heç bir qiymət artımı yoxdur. Əminliklə deyə bilərəm ki, yaxın gələcəkdə də bu sahədə qiymət artımı gözlənilmir. Ancaq toyuq yeminin qiyməti qalxarsa, onda istehsalçılar da müəyyən qiymət dəyişikliyinə gedə bilərlər”.

Mürvət Həsənli əlavə edib ki, qış aylarında bir qayda olaraq toyuq ətinə tələbat artır və istehsal da bir qədər zəifləyir:

“Bu hal isə dondurulmuş yox, diri halda satılan toyuqların qiymətinə müəyyən təsir göstərir. Bu sahədə cüzi də olsa, qiymət artımı var. Təxminən 20 qəpik artım müşahidə edirik. Amma dondurulmuş toyuq ətinin qiymətində artım yoxdur”.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin