580 şagirdin yazı işinə düzəliş edildi

19:24 - 24 May 2024

580 şagirdin yazı işinə düzəliş edildi

Martın 3-də və 10-da keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına ümumilikdə 10496 şagird 29966 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.

 

Bu barədə Manset.az-a  DİM-dən məlumat verilib.

Qeyd olunub ki, edilən bütün müraciətlər araşdırılıb, haqlı qeydlər nəzərə alınıb, digər (əsassız) iddialarla bağlı isə şagirdlərin elektron apellyasiya ərizələrinə hər iş üzrə ekspert rəyi əlavə edilib.

Bildirilib ki, müraciətlərin 302-si boş yazı işindən (bu işlərdə şagirdlər tərəfindən heç bir yazı işi yerinə yetirilməyib və tamamilə boşdur), 652 si isə tam bal ilə qiymətləndirilmiş işlərdən (bu işlər yoxlama vaxtı markerlər tərəfindən onsuz da tam bal ilə qiymətləndirilib) olub.

Tam ballıq işlərə aid müraciətlər də araşdırılıb və elektron apellyasiya ərizələrində müvafiq qeydlər yazılıb.

DİM şagirdlərin nəzərinə çatdırır ki, elektron apellyasiya ərizələrinə daxil olaraq Apellyasiya Komissiyasının qərarları ilə tanış ola bilərlər.

Qeyd edək ki, bununla bağlı (apellyasiya prosesinin başa çatması ilə bağlı) şagirdlərin elektron apellyasiya ərizələrində yazdıqları mobil telefon nömrələrinə SMS məlumat göndərilib.

Apellyasiya Komissiyası tərəfindən düzəliş edilən halların (iki imtahan üzrə birlikdə bütün yazı işlərinin 0,08 faizi) 514-ü yerdəyişmə halları (cavab vərəqində bir tapşırığa aid yazı işinin həllinin və ya cavabının başqa tapşırıq üçün nəzərdə tutulmuş hissəyə yazılması halları), 45-i şagirdin xəttinin çətin oxunması, 21-i cavab vərəqində yazı işinin yerinə yetirilməsi üçün nəzərdə tutulan çərçivədən kənara çıxma halları, qalanları isə yazı işlərinin qiymətləndirilməsi zamanı yol verilən səhvlərlə bağlıdır.

Müsbət həll olunan işlərlə bağlı müvafiq düzəlişlər iyunun 3-4-də şagirdlərin rəsmi imtahan nəticələri ilə bağlı səhifələrində öz əksini tapacaq.

Xatırladaq ki, martın 3-də və 10-da keçirilmiş imtahanlarda ümumilikdə 105000-dən çox şagird iştirak edib və bu şagirdlər 2,5 milyondan çox yazı işi yerinə yetiriblər.

Qeyd: Əvvəlcədən elan edildiyi kimi, kodlaşdırma ilə bağlı olan müraciətlər (məsələn eyni sətirdə iki dairənin qaralanması, dairənin üzərində “X” işarəsi qoyulması, dairəni tam qaralamaq əvəzinə digər işarələrin qoyulması və s.) nəzərə alınmayıb.


Xəbər xətti

24 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin