15 iyun-Milli Qurtuluş Günü Zəfər tariximizin başlanğıcıdır

12:26 - 12 İyun 2024

15 iyun-Milli Qurtuluş Günü Zəfər tariximizin başlanğıcıdır

Xalqımızın taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların və uğurların əsası qoyulub. Belə günlərdən ən önəmlisi şanlı tariximizə qızıl hərflərlə yazılmış 15 iyun-Milli Qurtuluş GünüdürBu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan ulu öndər Heydər Əliyevdir.

Ümummilli lider Heydər Əliyevin adı çəkiləndə bütün həyatını dövlətinin, xalqının işıqlı gələcəyinə həsr edən, ölkəsini hər zaman zirvələrdə görmək istəyən, ideyaları ilə gələcəyin aydın mənzərəsini təqdim edən şəxsiyyət göz önünə gəlir. Tarixdə şəxsiyyətlərin rolundan hər zaman bəhs edilir.  Dünya təcrübəsi göstərir ki, böyük şəxsiyyətlərin ideyaları cəmiyyətdə baş verən hadisələrə çox ciddi təsir göstərir. Bu baxımdan milli liderin dünyagörüşü, həyat təcrübəsi və siyasi iradəsi inkişaf strategiyasının istiqamətlərini şərtləndirir, ən çətin məqamlarda düzgün seçim etməyə geniş imkanlar yaradır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlət o zaman güclü olur, xalq o zaman gələcəyə böyük inamla baxır ki, onun milli maraqları hər şeydən üstün tutan, dövrün, zamanın nəbzini müəyyənləşdirdiyi inkişaf strategiyası ilə tənzimləyən Lideri vardır. Liderliyi şərtləndirən meyarların müxtəlifliyi fonunda öncə bu məqama diqqəti yönəltmək istərdik ki, siyasi liderliyin ilkin şərti dövlətin gələcəyini öncədən görmək və bununla bağlı müəyyənləşdirdiyi uzaqgörən siyasətini həyata keçirə bilməkdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Onun ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır.

Bu gün hər kəs, istər müstəqil Azərbaycanın vətəndaşları, istərsə də bütün dünyada yaşayan azərbaycanlılar yaxşı bilir ki, ulu öndər Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın dövlətçilik tarixində ən parlaq simadır. Azərbaycan xalqının qəlbində əbədiyaşar yerə sahib, hələ sağlığında Ümummilli Lider statusunu qazanan, Ulu Öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb. Bəli, hər kəsin bildiyi və qəbul etdiyi, bəzilərinin istəməsə belə qəbul etməyə məcbur olduğu yenilməz bir həqiqət var ki, bu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı, onun müəyyən etdiyi ideoloji xəttin müasir dövlətimizin parlaq gələcəyinin təminatçısı olmasıdır. Azərbaycan tarixində silinməz izlər qoymuş dahi şəxsiyyətin biz azərbaycanlılara bəxş etdiyi saysız-hesabsız tarixi günlər vardır ki, xalqımız bu gün həmin tarixləri əsl bayram kimi qeyd edərək dahi şəxsiyyəti böyük hörmət və ehtiramla anır.

Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 31 il ötür. Bu o tarixdir ki, həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilməsi üçün əsaslı sütunlar yarandı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Ümummilli lider Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illərin ortalarınadək ölkəmizin tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz ulu öndər Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Ümummilli Liderin ətrafında sıx birləşməklə gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

İyunun 15-də dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.

Ulu Öndərin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona Ümummilli Lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü aydın göstərir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. İnamla deyə bilərik ki, bu siyasət 2003-cü ilin oktyabrından ulu öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı - ölkə başçsı cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir. Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətində siyasi varisliyin təmin edilməsi respublikada davamlı və dayanıqlı inkişafın baş verməsini şərtləndirmişdir. Bununla belə, Azərbaycan Respublikasının keçdiyi inkişaf yolunda özünün çoxcəhətli mühüm xidmətləri, beynəlxalq aləmdəki böyük nüfuzu ilə Prezident İlham Əliyev öz erasını yaratmışdır. Azərbaycan Respublikasına rəhbərlik etdiyi 20 il ərzində Prezident İlham Əliyev dünyada gedən proseslərə, ölkədə baş verən hadisələrə daim yeni yanaşması, hər hansı bir məsələnin görsənən və görünməyən tərəflərini birlikdə təhlil edib dəyərləndirməsi, yeni çağırışlara vaxtında və yüksək səviyyədə cavab verməklə yanaşı, hətta bir çox hallarda fərqli çağırışların müəllifi kimi çıxış etməsi ilə səciyyələnir.

Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş və qətiyyətli siyasəti sayəsində Azərbaycanın əldə etdiyi uğur və nailiyyətlər onu söyləməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil dövlət əmin əllərdədir. Demokratik dövlətdə siyasət xalq naminə və xalqın vasitəsilə həyata keçirilir. Ən əsası da necə ki, Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, özümüzə inamımızı dirçəltdi, milli şüuru oyatdı, eləcə də ölkə başçısı həmin inamın davamlı olmasını gördüyü işlərlə təmin edir.

Bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nəaliyyətlərin şah əsəri heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsidir. Bu tarixi Zəfər və ərazi bütövlüyümüzün təmin olunması mahiyyət etibarilə Ümummilli Liderimizin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi və inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir. Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb, xalqımızın çoxəsrlik tarixində buna bənzər Qələbə olmayıb. Əbədiyaşar Lider haqqında söhbət açarkən Prezident İlham Əliyevin Şuşa işğaldan azad olunan gün Fəxri xiyabanda Ulu Öndərin məzarını qürurla ziyarət etməsi, xalqa müraciətində dediyi sözlər yada düşür: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Bundan əlavə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki lokal xarakterli anti terror tədbirləri və həmin ilin 15 oktyabr tarixində isə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində üçrəngli bayrağımızın dalğalandırılması tarixi Zəfərlərimizin zirvəsi oldu. Bu gün artıq işğaldan azad olunmuş torpaqlarımıza yeni həyat qayıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Ulu Öndərin amallarını yaşadan, ideyalarını gerçəkləşdirən Heydər Əliyev Fondu da işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərinə töhfə verir. Xüsusilə də fond tərəfindən Qarabağ və Şərqi Zəngəzurda tarixi, mədəni, dini irsimizin bərpası istiqamətində mühüm layihələr həyata keçirilir. Bir sözlə, Azərbaycan dövləti Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması, illərdir torpaq həsrəti ilə yaşayan insanlarımızın yurdlarına qovuşması üçün böyük işlər gerçəkləşdirir. Fond tərəfindən tikilən məktəblərdə çalınan ilk zəng, bərpa edilmiş məscidlərimizdən ucalan azan səsi o yerlərə qayıdan həyatın rəmzi kimi səslənir. Bu tarixi uğurlar isə vaxtilə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi qayıdış siyasətinin dövlət başçısı İlham Əliyev tərəfindən müvəffəqiyyətlə reallığa çevrilməsidir. Şübhəsiz, bütün bunların fövqündə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Məhz bu ulu öndər Heydər Əliyevin görmək istədiyi müstəqil və güclü Azərbaycandır!

Qeyd edək ki, regionun söz sahibi olan Azərbaycan beynəlxalq aləmdəki artan nüfuzu ilə əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab ilahm Əliyev tərəfindən uğurla davam etdirilən  müasir və müstəqil Azərbaycanın xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Hazırda Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında davamlı yüksəlişə malikdir. Görkəmli dövlət xadiminin bioqrafiyasından kənarda müasir Azərbaycanın dövlətçilik tarixi mövcud deyil. Beynəlxalq aləmdə ulu öndər Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə ulu öndər Heydər Əliyev yada düşür. Bu, çoxminillik dövlətçilik tariximizdə xüsusi bir hadisədir.

Qeyd olunaları ümumiləşdirsək deyə bilərik ki, 15 iyun-Milli Qurtuluş Günü Zəfər tariximizin başlanğıcıdır.

 

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

 


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin