Bağçalara qəbulda YENİLİK: Bir uşaq üçün illik 2500 manat qrant ayrılacaq

22:30 - 21 İyul 2024

Bağçalara qəbulda YENİLİK: Bir uşaq üçün illik 2500 manat qrant ayrılacaq

Dövlət bağçalarında yer tapmayan valideynlərin uşaqları özəl bağçalara göndəriləcək. Belə ki, Elm və Təhsil Nazirliyi özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edib.

 

Manset.az "Kaspi" qəzetinə istinadən xəbər verir ki, müsabiqə ilə dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqlar özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb ediləcək və təhsil haqqının bir hissəsi qrant vasitəsilə maliyyələşdiriləcək.

Qrant müsabiqəsinin məqsədi, şərtləri, faydaları, ümumiyyətlə, valideynləri maraqlandıran suallarla bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyevin müsahibəsini təqdim edirik:

"Bu müsabiqə hədəfi daha da əlçatan edir"

- Rasif müəllim, məktəbəqədər təhsilin bir uşağın inkişafındakı rolu nədən ibarətdir və bu müsabiqə bu inkişafa necə dəstək ola bilər?

- Məktəbəqədər təhsilin uşağın inkişafındakı rolu danılmazdır. Təsəvvür edin, 1-6 yaşda olan uşaqların inkişafındakı dəyişikliklər sonrakı heç bir yaş dönəmində baş vermir və təkrarlanmır. Məhz bu yaş dönəmində uşağın zehninin 60 faizi inkişafını tamamlayır, sonrakı həyatında lazım olacaq 80 faiz bacarıqlar formalaşır. Hətta bu sahə ilə bağlı iqtisadi tədqiqatlar da aparılıb. Məlum olub ki, məktəbəqədər təhsilə cəlb olunan uşaqların gələcək həyatlarındakı qazancları bu təhsilə cəlb olunmayan uşaqlardan 24 faiz daha çox olur. Həmçinin gələcək xərcləri də digərləri ilə müqayisədə 14 faizə qədər azalır. Çünki bu uşaqlar həyata daha tez atılırlar. Azərbaycanda hazırda məktəbəqədər təhsillə bağlı bir çox layihələr həyata keçirilir. Burada ənənəvi uşaq bağçası modeli ilə yanaşı, alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili, "icma əsaslı məktəbəqədər təhsil modeli" kimi layihələri misal göstərmək olar. Həmin layihələrdə bir çox alternativ modellərin tətbiqi nəzərdə tutuldu. Məsələn, onlardan biri öyrədici qutu ilə bağlı idi ki, nazirlik tərəfindən evlərə, valideynlərə öyrədici qutular göndərilir, həmin qutularda olan vəsaitlə valideynlər öz uşaqları ilə fərdi şəkildə məşğul olurlar. Bu cür innovativ layihələr var, amma bunlar ümumilikdə məktəbəqədər təhsilə cəlb olunan uşaq sayını nə qədər artıra bilib? Bugünkü statistikaya nəzər salanda görürük ki, məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı 30-35 faiz aralığında dəyişir. Lakin "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Bu, çox çətin hədəfdir, amma mümkündür. Hazırkı qrant müsabiqəsi bu hədəfi daha da əlçatan edir. Dövlətin maddi imkanları nə qədər çox olsa da, bu imkanlar çərçivəsində üç il ərzində yeni bağçaların tikilməsi real deyil. Ona görə də müsabiqə özəl sektorun, müxtəlif investorların bu işə cəlb olunması prosesini daha da sürətləndirəcək və özəl bağçaların sayının artmasına səbəb olacaq.

- Bəs hazırda bu layihədə neçə uşağın iştirakı nəzərdə tutulub?

- Qrant müsabiqəsi 2024-2025-ci illəri əhatə edir və ilkin olaraq 1500 uşağın iştirakı nəzərdə tutulur. Əlbəttə ki, hələ birinci ildir tətbiq olunacaq və pilot layihə kimi nəzərdə tutulub. Qrant müsabiqəsinin nəticələrinə əsasən, layihənin əhatə dairəsi genişləndiriləcək.

Bir uşaq üçün illik 2500 manat ödəniləcək

- Bəs müsabiqənin şərtləri nədən ibarətdir?

- Burada önəmli məqam özəl uşaq bağçasının lisenziyasının olması, yaxud mütləq şəkildə lisenziya üçün müraciət etməsidir. İkinci məqam isə təhsil haqqı ilə bağlıdır. Qrant müsabiqəsində ümumilikdə uşaqları aylıq 500 manata qədər olan özəl uşaq bağçalarına yönləndirmək nəzərdə tutulur. Bu məbləğ bir uşaq üçün aylıq 250 manat, yəni illik 2500 manat məbləğində planlaşdırılır. Bu, 10 ayı əhatə edir. Həmçinin özəl uşaq bağçalarına şərt də qoyulub ki, ümumi uşaq tutumunun ən azı 20 faizini qrant müsabiqəsinə boş yer kimi təqdim etsin və təhsil haqqı aylıq 500 manatı keçməsin. Özəl bağçalar bu şərtlərlə proqramda iştirak edə bilərlər. Valideynlərin müraciəti isə çox asandır. Dövlət uşaq bağçalarına iki ildir ki, onlayn formada qeydiyyat aparılır. Bu qrant müsabiqəsində iştirak edən özəl bağçalara da müraciət məhz həmin veb-səhifə (https://www.bq.edu.az/) üzərindən həyata keçiriləcək. Yəni valideynlər eyni formada özəl bağçalara müraciət edə biləcəklər. Dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul bitdikdən sonra gözləmə siyahısında olan uşaqların özəl məktəbəqədər təhsil müəssisələrinə qeydiyyatı açılır. Burada bir məqam var ki, dövlət yalnız 10 aya 2500 manatı ödəməyi öhdəsinə götürür, digər hissəni valideyn öz hesabına ödəməlidir. Buna görə də valideynlər seçim edərkən diqqətli olmalıdırlar. Özəl uşaq bağçasını seçdikləri zaman onun təhsil haqqını və nə qədərini ödəyəcəyini nəzərə almalıdırlar. Çünki istənilən halda, bu, özəl müəssisədir, onun müqavilə şərtlərini valideynlər yerinə yetirmədikdə, müqavilə dayandırılacaq və həmin valideynin uşağı bağçadan çıxarılacaq.

 

 

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az