"Ermənistandan Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik" - BƏYANAT

09:27 - 2 Oktyabr 2024

"Biz Ermənistan parlamentinin spikeri Alen Simonyanın öz yurdlarından qovulmuş Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına geri qayıtmaq hüququ ilə bağlı Azərbaycan tərəfinin bəyanatlarını təhrif etməsini və irqçi fikirlər səsləndirməsini qətiyyətlə pisləyirik".

 

Manset.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

"Azərbaycan tərəfinin çıxışında vurğulanan qayıdış hüququ beynəlxalq hüququn və fundamental insan haqlarının ayrılmaz hissəsidir və Simonyanın bu hüququ ərazi iddiası kimi yozması Ermənistanın özünün "insan hüquqları" arqumentindən istifadə edərək təcavüzkar siyasət aparması vərdişindən irəli gəlir.

Simonyanın azərbaycanlıları "öz tarixi yurdlarını axtarmaq" adı ilə Altay dağlarına göndərmək barədə ifadəsi isə Ermənistanın rəhbər dairələrində irqçilik və etnik müstəsnalıq ideologiyasının hakim olduğunu bir daha ortaya qoyur. Xatırlatmaq yerinə düşər ki, 27 sentyabr 2020-ci ildə Ermənistan tərəfi Azərbaycana qarşı müharibəyə başlayanda bu ölkənin ordusunun baş qərargah rəisi oxşar irqçi bəyanat verərək Ermənistanın hücumunun məqsədinin azərbaycanlıları Altay dağlarına göndərmək olduğunu bildirmişdi. Bunun Ermənistan üçün necə nəticələndiyi hamıya məlumdur.

Simonyanın çıxışı sülh prosesini pozmaq və Ermənistandan qovulmuş azərbaycanlıların geri dönmək hüququna xələl gətirmək cəhdidir. Qərbi Azərbaycan İcması olaraq, Ermənistandan bu cür irqçi ritorikalardan çəkinməyi və Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik", - deyə bəyanatda qeyd olunur.


Xəbər xətti

4 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin