Milli çempionatların yüksək liqalarında ən uzun qolsuz seriyaların siyahısı açıqlanıb.
Manset.az İdman.biz-ə istinadən xəbər verir ki, “Zirə” ən uğursuz üç komanda sırasında yer alıb.
Bakı klubu Azərbaycan Premyer Liqasında 7 oyundur qol vura bilmir. Qəsəbənin eyniadlı təmsilçisi sonuncu dəfə XIII turda qol sevinci yaşayıb. 2023-cü il noyabrın 12-də “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edən “Zirə” artıq 78 gündür rəqib qapısına yol tapa bilmir. Qismət Alıyevin həmin matçın 65-ci dəqiqəsindəki qolundan sonra 655 dəqiqədir zirəlilər qol görmür. Bu müddətdə “Sumqayıt” (0:0), “Neftçi” (0:1), “Araz-Naxçıvan” (0:0), “Turan Tovuz” (0:1), “Qarabağ” (0:1), “Səbail” (0:0) və “Sabah”la (0:1) qarşılaşan Sadıqovun komandası 3 heç-heçə edib və 4 dəfə uduzub.
Davam edən ən uzun seriya “Rudeş”ə məxsusdur. Xorvatiya çempionatında çıxış edən klub 10 matçdır qola həsrətdir.
“Top-3”də Özbəkistan təmsilçisi “Buxara” da var. Asiyalılar “Zirə” kimi 7 oyundur qol vura bilmir.
Qeyd edək ki, “Zirə” XXI turda “Qəbələ”nin qonağı olacaq.