Azərbaycan Dəmir Yolları (ADY) ölkə daxilində səyahət imkanları təqdim edən əsas nəqliyyat qurumudur. Müxtəlif istiqamət və marşrutlar üzrə hərəkət edən qatarlardan biri də Bakı–Gəncə xəttidir. Diqqətçəkən məqam isə bu xətt üzrə birinci sinif biletlərinin qiymətinin 136.8 manat olmasıdır. Bəs bu qiymətə hansı xidmətlər daxildir və doğrudanmı bu rəqəmə dəyər?
Mövzu ilə bağlı Manset.az-a açıqlama verən ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev bildirib ki, birinci sinif bileti alan sərnişinlərə səfər öncəsi və sonrası VIP səviyyəli xidmətlər təqdim olunur:
"Vağzallarında VIP-zal istifadəsi (1 saat), əl yükünün daşınması və müşayiəti, limitsiz çay, qəhvə, su və Wi-Fi olan istirahət zonası, ödənişsiz informativ çap vəsaitləri və Bakı vağzalında 2 saatlıq parkinq, səfərin sonunda VIP-zala müşayiət bu qiymətə daxildir".
Qatarda hansı xidmətlər təqdim olunur?
Qatarda birinci sinif salonları xüsusi rahat oturacaqlar, fərdi işıqlandırma və elektrik yuvaları ilə təchiz olunub. Sərnişinlərə təqdim edilən xidmətlər bunlardır: adyal, başmaq, yastıqça, qəlyanaltı, səhər yeməyi, sendviç, meyvə şirəsi və digər qidalar, çay, qəhvə və su – limitsiz şəkildə təqdim olunur.
Qidalar xüsusi keyterinq şirkəti tərəfindən qablaşdırılmış şəkildə və etibarlı sertifikatlarla təmin edilir.
Bəs bu qiymətə dəyərmi?
Əldə edilən xidmətlər görünüşdə zəngin və rahat görünə bilər. Lakin 4 saatlıq qatar səfəri üçün 136 manat ödəmək, xüsusilə orta gəlirli sərnişinlər üçün əlçatan hesab edilmir.
Təəccüblü odur ki, hazırda Bakıdan Gürcüstana aviareyslə uçuş da təxminən eyni – 136 manata başa gəlir. Yəni insan istəsə, həmin məbləğə ölkədən kənara – qonşu ölkəyə təyyarə ilə gedə bilir. Əgər 136 manata Gürcüstana uçmaq mümkün olduğu halda, Gəncəyə qatarla getməyin bu qədər baha olması ictimai suallar doğurur. ADY xidmətlərlə yanaşı, qiymətlə də prestij yaratmağa çalışır. Ancaq bu “prestij” nə qədər sərnişinə uyğundur?
ADY-nin təqdim etdiyi xidmətlərin keyfiyyəti inkar olunmur. Halbuki dəmiryolu ictimai nəqliyyat vasitəsi hesab olunur və böyük əhali qruplarına xidmət etməlidir.