Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da estetik əməliyyat etdirənlərin sayı artıb. Burada məqsəd müxtəlif estetik müdaxilələr vasitəsilə xarici görkəmdə olan xoşagəlməz görüntünün aradan qaldırılmasıdır. Lakin bu heç də həmişə belə olmur. Bəzi hallarda estetik əməliyyatlar uğursuz alınır və ya əməliyyatdan bir müddət sonra müəyyən deformasiyalar, hətta pasiyentin səhhətində müəyyən problemlər, pisləşmə qeydə alınır. Belə olan halda pasiyentin əməliyyat üçün etdiyi ödənişi geri tələb etmək hüququ var?
Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov
Manset.az-a açıqlamasında bildirib ki, belə proseslərin qanuni formada aparılması və hər iki tərəfin öz hüquqlarını təmin edə bilməsi üçün müqavilələrin bağlanması mütləqdir:
“İlk növbədə, bunu bilmək lazımdır ki, ümumiyyətlə, vətəndaşlar estetik əməliyyata girməzdən əvvəl mütləq şəkildə üz tutduqları tibb müəssisəsi ilə müqavilə bağlayaraq konkret hansı diaqnoz üzərində, hansı korreksiyaların olunacağı, hansı estetik əməliyyatın həyata keçiriləcəyi ilə bağlı detallı şəkildə bura qeyd etməlidirlər. Sonradan həkimin kobud səhvi ucbatından pasiyentə zərər dəymiş olarsa, bu, cinayət məsuliyyəti yaradır. Vətəndaşlar çəkinmədən bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edə bilərlər. Nəticədə, keçiriləcək tibbi ekspertizanın verəcəyi rəylə həmin şəxsin sağlamlığına hansı dərəcədə zərər yetirildiyi müəyyən olunacaq ki, buna görə də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılacaq”.
Hüquqşünas fikirlərinə bunları da əlavə edib:
“Məsələnin mülkü yöndən gedişi də mümkündür. Vətəndaş ödənişin qəbzini təqdim edərək də bunu təsdiq edə bilər. Düzdür, bəzi hallarda tibb müəssisələri bütün ödənişin çekini təqdim etməkdən yayınırlar. Amma vətəndaş çox rahat şəkildə bunu öz yazıları, iddiaları ilə sübut edərək mülki qaydada məhkəməyə verməklə həkimdən və eyni zamanda tibb müəssisəsindən vurulmuş maddi və mənəvi zərəri tələb edə bilər”.
Fidan Vəlisoy