Kafe-restoranlarda zəhərlənmələr artıb - AQTA nəyə görə nəzarət etmir?

16:00 - 14 Oktyabr 2025

Kafe-restoranlarda zəhərlənmələr artıb - AQTA nəyə görə nəzarət etmir?

Azərbaycanda kafe-restoranlarda, dönərxanalarda zəhərlənmə hallarının ardı-arası kəsilmir. Hətta ciddi zəhərlənmələr nəticəsində ölüm halları da qeydə alınır. Zəhərlənmələr baş verən kafe-restoranlar, dönərxanalar bir müddətlik bağlansa da, yenidən fəaliyyətə başlayır. Aydın məsələdir ki, zəhərlənmə hallarına səbəb kafe-restoranlarda istifadə olunan ərzaq və məhsulların keyfiyyətinə, onların fəaliyyətinə düzgün nəzarət olunmamasıdır.

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Manset.az-a açıqlamasında bitib-tükənməyən zəhərlənmə hallarından danışıb.


“Təəssüflər olsun ki, zəhərlənmələr bütün dünya ölkələrində və bütün zamanlarda olub. Eyni zamanda Azərbaycanda da bu hallar tez-tez baş verir. Xüsusən də, kafe və restoranların sayının artması ilə bu, daha da kütləvi hal alır. Biz bir çox hallarda belə zəhərlənmələrə səbəb olan restoranların bir müddət sonra yenidən fəaliyyətə başladığını görürük. Əlbəttə, restoranlar da əbədi bağlana bilməz. Bu problemdən çıxış yolu da deyil. Onlarla bağlı müəyyən profilaktik tədbirlər görülməlidir, yalnız bundan sonra yenidən fəaliyyətə başlamalıdır”.

Ekspert qeyd edib ki, kafe və restoranlarla bağlı zəhərlənmələrin əsas səbəbi bərbad vəziyyətdə olan istehlakçı siyasəti və bu məsələ ilə bağlı müvafiq qurumun düzgün fəaliyyət göstərməməsidir.

“Biznes qurumları üçün xüsusi obraz yaradılıb. Onlar istədiklərini edirlər, onlara heç kəs yoxlaya bilməz, toxuna bilməz və s. Bəzi hallarda, xüsusilə, regionlarda evdə hazırlanıb şadlıq saraylarına gətirilən qidalar da kütləvi zəhərlənmələrə hətta ölüm hallarına səbəb olur. Bu məsələ bağlı isə demək olar ki, ümumiyyətlə, tədbir görülmür. Bütün bunların qarşısını almaq üçün effektiv istehlakçı siyasəti mövcud olmalıdır və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi daha effektiv işləməlidir”.

 

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az