Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Türkiyə hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Təyyarənin gözlənilmədən qəzaya uğraması cəmiyyətdə bir sıra suallar yaradıb.
Qəza zamanı təyyarə içərisindəki şəxslərin paraşütdən istifadə edərək sağ qalmaları mümkün ola bilərdimi? Azərbaycandan gedən təyyarənin Ermənistan deyil, Gürcüstan üzərindən uçmasına səbəb nə idi?
Manset.az bununla bağlı Azərbaycanın tanınmış aviasiya mütəxəssisi Nazim Cavadova suallar ünvanlayıb. O bildirib ki, hərbi təyyarələrdə də müəyyən təhlükəsizlik tədbirləri olur:
“Hərbi nəqliyyat təyyarələrində digər təyyarələrlə eyni səviyyədə təhlükəsizlik tədbirləri olur. Hansısa xüsusi təhlükəsizlik qaydaları yoxdur. Paraşütdən istifadə isə sərnişin sayı çox olan təyyarələr üçün nəzərdə tutulmayıb. Bir neçə nəfərlik təyyarə olardısa, burada paraşütdən istifadə mümkün olardı. Sözügedən situasiyada isə hərbçilərin bu formada xilas olması mümkün olmayacaqdı”.
Mütəxəsis təyyarənin Ermənistan üzərindən deyil, Gürcüstan səmasından uçması səbəbinin mümkün ehtimalları haqqında isə bunları deyib:
“Hər bir təyyarənin marşrut xətti var. Həmin təyyarənin də xüsusi marşrut xətti bu istiqamətdə olub. Bunun hansısa spesifik səbəbi olduğunu düşünmürəm”.