Davos İqtisadi Formunun Azərbaycan üçün əhəmiyyəti

16:53 - 19 Yanvar 2026

Davos İqtisadi Formunun Azərbaycan üçün əhəmiyyəti

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Ümumdünya İqtisadi Forumunun (Davos) illik toplantısında iştirak etmək üçün İsveçrədə səfərdədir. Dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava limanında rəsmi şəxslər qarşılayıblar.

 

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Manset.az-a açıqlamasında bildirib ki, Davos İqtisadi Forumu artıq uzun müddətdir sadəcə iqtisadi müzakirə meydanı deyil. O, qlobal güc mərkəzlərinin prioritetlərini səsləndirdiyi, yeni beynəlxalq nizamın konturlarının cızıldığı, iqtisadiyyat, siyasət və təhlükəsizliyin bir-biri ilə kəsişdiyi strateji platformadır.


“Davosda qəbul edilən yanaşmalar sonradan beynəlxalq maliyyə institutlarının qərarlarında, regional layihələrdə və qlobal gündəmin əsas istiqamətlərində öz əksini tapır. Bu baxımdan Davos forumu dünyanın gələcək siyasi-iqtisadi trayektoriyasını müəyyən edən “ideya laboratoriyası” funksiyasını yerinə yetirir.

Forumun əsas üstünlüyü onun formal diplomatik çərçivələrdən kənarda, açıq dialoq mühitində fəaliyyət göstərməsidir. Burada dövlət başçıları, transmilli şirkətlərin rəhbərləri, maliyyə mərkəzləri və beynəlxalq təşkilatlar eyni platformada birbaşa təmas qurur. Bu isə real qərarların, konkret əməkdaşlıqların və uzunmüddətli strateji razılaşmaların formalaşmasına imkan yaradır. Davosda görünmək deyil, Davosda gündəm formalaşdırmaq əsas meyardır.

Məhz bu kontekstdə Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan burada passiv dinləyici yox, regional və qlobal proseslərə təsir edən aktor kimi çıxış edir. Prezident İlham Əliyevin çıxışları və keçirdiyi çoxsaylı ikitərəfli görüşlər Azərbaycanın artıq enerji ixracatçısı ölkə statusundan çıxaraq logistika, nəqliyyat, enerji təhlükəsizliyi və regional inteqrasiya mərkəzi kimi təqdim olunduğunu göstərir”.

Deputat qeyd edib ki, Azərbaycan Davos platformasında özünü etibarlı tərəfdaş, proqnozlaşdırılan və müstəqil siyasət yürüdən dövlət kimi təqdim edir. Prezident İlham Əliyevin mesajlarında ölkənin strateji mövqeyi, yəni Şərq ilə Qərb, Şimal ilə Cənub arasında körpü rolu, enerji və nəqliyyat dəhlizlərində artan çəkisi, postmünaqişə dövründə regional sabitliyə verdiyi töhfə açıq və konkret şəkildə vurğulanır. Bu yanaşma Azərbaycanın beynəlxalq arenada yeni imkanlar məkanı kimi qəbul olunmasına xidmət edir:

“Davosda Azərbaycanın mövqeyini fərqləndirən əsas cəhət ondan ibarətdir ki, Bakı yalnız qlobal çağırışlardan danışmır, real təcrübə və konkret nəticələr təqdim edir. Enerji təhlükəsizliyi, yaşıl keçid, regional nəqliyyat marşrutları və iqtisadi dayanıqlıq məsələlərində Azərbaycan artıq konsepsiya yox, işlək model ortaya qoyur. Prezident İlham Əliyevin çıxışları bu baxımdan forum iştirakçıları üçün daha çox praktik yol xəritəsi xarakteri daşıyır.

Prezident İlham Əliyevin iştirakı Davosu Azərbaycan üçün sadəcə beynəlxalq platforma deyil, ölkənin artan geosiyasi və geoiqtisadi çəkisini nümayiş etdirən tribunaya çevirir. Bu isə Azərbaycanın qlobal gündəmdə müşahidəçi yox, söz sahibi olan dövlət kimi qəbul edildiyini açıq şəkildə təsdiqləyir”.

 

Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az