"Ümumdünya İqtisadi Forumu bu gün qlobal miqyasda ən nüfuzlu və təsirli beynəlxalq platformalardan biri kimi qəbul olunur. Davos Forumu dünya iqtisadiyyatının gələcək inkişaf istiqamətlərinin müzakirə edildiyi, qlobal çağırışlar ətrafında fikir mübadiləsinin aparıldığı mühüm dialoq məkanıdır. Burada təkcə iqtisadi məsələlər deyil, eyni zamanda siyasi proseslər, enerji təhlükəsizliyi, regional və qlobal sabitlik, sosial inkişaf, innovasiya və əməkdaşlıq perspektivləri də geniş şəkildə müzakirə olunur. Bu baxımdan Davos Forumu beynəlxalq gündəliyin formalaşmasında xüsusi rol oynayır".
Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova Manset.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, artıq bu gün möhtərəm cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrədə səfərdədirlər:
“Azərbaycan rəhbərliyinin bu nüfuzlu beynəlxalq platformada iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun, qlobal proseslərdə fəal mövqeyinin bariz göstəricisidir. Bildiyiniz kimi, cənab Prezident İlham Əliyevin Davos Forumunda çıxışları və keçirdiyi yüksək səviyyəli görüşlər hər zaman beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olur və böyük maraqla qarşılanır. Dövlət başçımızın çıxışları vasitəsilə Azərbaycanın müstəqil, praqmatik və balanslı xarici siyasəti, uzunmüddətli inkişaf strategiyasına əsaslanan iqtisadi modeli və qlobal çağırışlara adekvat yanaşması aydın şəkildə beynəlxalq auditoriyaya çatdırılır. Prezident İlham Əliyev hər zaman çıxışlarında Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətləri, maliyyə sabitliyini, investisiya üçün əlverişli mühiti və güclü iqtisadi potensialını diqqətə çatdıraraq ölkəmizin etibarlı və proqnozlaşdırılan tərəfdaş olduğunu xüsusi vurğulayır”.
Deputat qeyd edib ki, enerji təhlükəsizliyi, nəqliyyat və logistika sahəsində həyata keçirilən mühüm beynəlxalq layihələr Azərbaycanın regional və qlobal miqyasda artan rolunu bir daha nümayiş etdirir:
“Prezident İlham Əliyevin qətiyyətli, prinsipial və ardıcıl mövqeyi ölkəmizin milli maraqlarının beynəlxalq platformalarda inamla müdafiə olunduğunu göstərir və Azərbaycanın güclü iqtisadiyyata, dayanıqlı siyasi sabitliyə malik dövlət kimi tanınmasını daha da möhkəmləndirir. Ölkə başçımızın səsləndirdiyi fikirlər Azərbaycanın etibarlı tərəfdaş, sözünə və öhdəliklərinə sadiq ölkə imicini bir daha təsdiqləyir. Ümumilikdə, Davos Forumu Azərbaycanın dünya ictimaiyyətinə öz mövqeyini birbaşa çatdırması, yeni əməkdaşlıq imkanları yaratması və beynəlxalq əlaqələrini daha da genişləndirməsi üçün mühüm platformadır. Cənab Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın bu forumda iştirakı ölkəmizin qlobal proseslərdə fəal və məsuliyyətli mövqeyinin növbəti təsdiqidir”.
Fidan Vəlisoy