"Dövlətini sevən insanlara belə ləyaqətsiz hərəkət qəbuledilməzdir" - Ziyafət Əsgərov

16:35 - 18 Mart 2026

\"Dövlətini sevən insanlara belə ləyaqətsiz hərəkət qəbuledilməzdir\" - Ziyafət Əsgərov

“44 günlük Qarabağ zəfərini həzm edə bilməyən qüvvələr tərəfindən ölkəmizə qarşı böhtan kampaniyasına başlanılıb. Süni intellektin imkanlarından istifadə edərək Prezidentimizə, onun ailəsinə qarşı əxlaqsız və mənəviyyatsız mübarizə aparmağa başladılar. Xaricdə oturan vətən xainləri, onlara dəstək olan qüvvələr Azərbaycanın qalibiyyətini həzm edə bilmirlər”. 


Bu fikirləri Manset.az-a açıqlamasında Milli Məclisin sədr müavini Ziyafət Əsgərov bildirib. O, qeyd edib ki, kiberməkanda xarici qüvvələrin köməyi ilə uzun illərdir dövlətimizə, ali rəhbərliyə qarşı çirkin kampaniyaya start verilib:

“Həqiqətən, Möhtərəm Prezidentimiz tarixə artıq Qarabağın fatehi kimi düşüb. Yüz illər boyu davam edən problemi Cənab Prezidentimiz 44 gün ərzində həll etdi. Bilirsiniz ki, 30 il ərzində Ermənistan və onun havadarları, arxasında duranlar, dövlətlər, ATƏT-in Minsk qrupu bu problemin həll olunmasına heç bir maraq göstərmirdilər. Dəfələrlə Möhtərəm Prezidentimiz bəyanatlar verdi ki, gəlin, bu məsələni sülh yolu ilə həll edək. Amma sonradan məlum oldu ki, bu qüvvələr hamısı yalnız imitasiya ilə məşğuldurlar. Formal olaraq danışıqlar aparırlar. Onların törətdikləri təxribatların birində - 2020-ci ilin sentyabr ayının 27-də artıq biz onlara cavab verməyə məcbur olduq. Çünki məlum oldu ki, onlar sülh danışıqlarına getmək istəmirlər. Buna görə də, güc tətbiq etməyə məcbur olduq və 44 gün ərzində bu məsələni birdəfəlik həll etdik. İş burasındadır ki, Ermənistana havadarlıq edən dövlətlər bu məsələnin həllində Azərbaycana dəstək vermədi. Çünki Azərbaycanın işi haqq işi idi. Onlar vasitəçilik etmək əvəzinə, bu məsələnin yubanmasında maraqlı idilər. Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə bu məsələni kökündən həll etdi. Bundan sonra bizə qarşı həm faktiki, həm də mənəvi terrora başladılar. Böhtan kampaniyasına başlanıldı, süni intellektin imkanlarından istifadə edərək Prezidentimizə, onun ailəsinə qarşı əxlaqsız və mənəviyyatsız mübarizə aparmağa başladılar. Xaricdə oturan vətən xainləri, onlara dəstək olan qüvvələr Azərbaycanın qalibiyyətini həzm edə bilmirlər. Azərbaycanın torpaqlarını işğaldan azad etməsini, orada quruculuq işləri aparmasını qəbul edə bilmirlər. Bu səbəbdən də Azərbaycana qarşı müxtəlif istiqamətlərdə təhqirlər, böhtanlar yaymağa başladılar”. 

Millət vəkilinin fikrincə, bunlar həm daxildə, həm də xaricdə olan qüvvələrin, Azərbaycanı istəməyən qüvvələrin sifarişi ilə tirajlanır. Deputat vurğulayıb ki, Azərbaycanın imicinə zərbə vurmaq istəyənlər və yalan qarayaxma kampaniyası aparanlar qanun qarşısında cavab verəcəklər:

“Azərbaycan Konstitusiyasına və qanunlarına görə, Prezidentin ailəsi dövlət tərəfindən qorunur. Bütün bu əməllər birmənalı olaraq cinayətdir. Birinci Vitse prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva, eyni zamanda Leyla Əliyeva və Arzu Əliyeva  təhsillə, mədəniyyətlə, incəsənətlə bağlı saysız-hesabsız xeyirxah işlər görüblər. Eləcə də, şəhid ailələrinə, qazilərə qayğı, diqqət göstərirlər. Onlar nəinki Azərbaycanda, bütün dünyada çox mədəni və gözəl ailə nümunəsidirlər. Ümumiyyətlə, Azərbaycan ailəsi, xüsusilə, xanımlar həmişə müqəddəs sayılıb. Bu, bütün dünyaya məlumdur. Buna görə də, bu ailəni qaralamaq, haqqında müxtəlif tərbiyəsiz sözlər işlətmək, hücuma keçmək bu əxlaqsızlığın zirvəsidir. Bu cür işlər görən, xalqına bağlı olan, xalqını, dövlətini sevən insanlara qarşı belə ləyaqətsiz, şərəfsiz hərəkət qəbuledilməzdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi var. Cinayət Məcəlləmizə görə təhqir, böhtan cinayət hesab olunur. Hesab edirəm ki, DTX-nin keçirdiyi bu əməliyyat nəticəsində konkret şəxsi cinayət əməlində şübhəli bilib həbs etməsi olduqca mühüm addımdır. Xaricdə oturub Azərbaycana qarşı böhtanlar yağdıran Mehman Hüseynovlar və digərləri qanun qarşısında cavab verəcəklər. Onların yaydıqları “feyk” məlumatlardır, süni intellektlə hazırlanmış materiallardır. Bir daha sübut olunacaq ki, Azərbaycanda qanun şahdır. Bu cür cinayətkarlar qanunvericiliyin bütün sərt üzü ilə cəzalandırılmalıdır və məhkəmə qarşısında cavab verməlidirlər. Möhtərəm Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, heç kim bizimlə təhdid dilində danışa bilməz. Azərbaycan artıq dünyada nüfuzlu və çox güclü, eyni zamanda beynəlxalq nizam-intizama, qanuna əməl edən ölkədir. Biz müharibə dövründə belə legitim müharibə apardıq, beynəlxalq humanitar hüququn bütün tələblərini gözlədik. Heç bir mülki erməniyə qarşı silah işlətmədik. Ancaq hərb meydanında düşmənin cavabını verdik. Bax bunu xarici qüvvələr qəbul etmirlər, buna görə də təhqir, böhtan və başqa yollara əl atırlar. Amma bunlar hamısı boş şeylərdir. Hər kəs etdiyi cinayətə görə cavab verəcək”.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az