Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova barəsində dələduzluq ittihamı ilə başlanmış cinayət işinin istintaqı başa çatıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə açılmış cinayət işi baxılması üçün Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş üzrə məhkəmə prosesinə hakim Vüqar Quliyev sədrlik edəcək.
Məlumata əsasən, Nigar Həsənovanın daha 5 nəfərə qarşı törətdiyi iddia olunan cinayət əməlləri ilə bağlı ayrıca araşdırma aparılır. Həmin cinayət işi üzrə istintaqın aparılması Nəsimi Rayon Polis İdarəsinə həvalə olunub.
İttihama görə, Nigar Həsənova, ümumilikdə, 22 nəfərə qarşı dələduzluq edərək onların pul və qızıl-zinət əşyalarını mənimsəyib. Bildirilir ki, 17 nəfərə vurulan maddi ziyanın məbləği 965 min 632 manata yaxın təşkil edir. Digər 5 nəfərə isə, ümumilikdə, 45 min manat ziyan dəydiyi qeyd olunur.
Qeyd edək ki, İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızı Nigar Həsənova tanınmış kosmetoloqdur. O bir sıra şəxslərə külli miqdarda qızıl və zinət əşyalarını mənimsəyib.
Manşet.az