Bir neçə gündür Azərbaycanda qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur. Ölkənin bəzi ərazilərində intensiv yağış yağır, dağlıq rayonlarda isə qar qeydə alınır. Sözügedən hava şəraitinin nə vaxta qədər davam edəcəyi maraq doğurur.
Bununla bağlı Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Manset.az-a açıqlamasında məlumat verib. O bildirib ki, hazırda ölkə ərazisində fasilələrlə yağıntılı hava şəraiti davam edir:
“Hazırda ölkə ərazisində fasilələrlə yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir. Dağlıq ərazilərdə isə qar yağır. Sabah – noyabrın 10-da Bakıda və Abşeron yarımadasında müşahidə olunan yağışın səhər saatlarında tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturunun 10-12 dərəcə isti olacağı gözlənilir.
Eyni zamanda, bölgələrdə də noyabrın 10-da əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, gecə və səhər saatlarında bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 10-15, dağlıq ərazilərdə isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq”.