“Almaniyanın Münxen şəhərində keçirilən Təhlükəsizlik Konfransında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Paşinyan arasında görüş keçirilib. Almaniya tərəfi bu görüşün Olaf Şoltz tərəfindən təşkil olunduğunu və bir az da qabağa qaçaraq federal kanslerin vasitəçiliyi ilə baş tutduğunu tirajlasa da, əslində hadisə tam fərqli şəkildədir. Yəni Almaniya tərəfinin müraciətindən sonra bu görüş keçirilib, amma vasitəçilikdən söhbət gedə bilməz. Çünki, Azərbaycan Prezidentinin andiçmə mərasimində dediyi kimi vasitəçilərə bizim ehtiyacımız yoxdur”.
Manset.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Ermənistanla Azərbaycan arasında davam edən münaqişənin aradan qaldırılması, regionda davamlı sülhün bərqərar edilməsi üçün iri dövlətlərin, beynəlxalq təşkilatların cəhdləri çox olub: “30 illik münaqişə dövründə dünyanın supergücləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü Ermənistanın işğalçılıq siyasətini durdura bilmədilər, ədalətin, həqiqətin yanında durmadılar. İşğalçı Ermənistanla işğala məruz qalan Azərbaycanı eyniləşdirdilər, hətta bizi suçlu çıxarmağa cəhd etdilər. ATƏT-in Minsk qrupu yaradılanda güman etdik ki, bu qurum nəhayət beynəlxalq qanunlara söykənərək, ölkələrin ərazi bütövlüyü prinsiplərinə hörmət edərək torpaqlarımızın işğalını sonlandırmaq üçün Ermənistana qarşı təzyiqlərini artıracaq, bu ölkəni cəzalandıracaqlar. Nəinki Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayətlərə görə bu ölkəni cəzalandırıldı, əksinə, erməni lobbisinin təşəbbüsü ilə 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəliş qəbul edildi. Bu qadağa Azərbaycanı iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevirdi. Bundan sonar başlanan vasitəçilik missiyası isə yenə də ermənilərin maraqlarını qorumağa, Qarabağı bizə unutdurmağa, ən azından vaxtı uzatmağa hesablanmışdı. Bir sözlə Azərbaycan vasitəçilik missiyasının effektivsizliyini, Almaniya və Fransa kimi ölkələrin vasitəçilik istəklərinin arxasında duran məqsədləri çox yaxşı bilir”.