- 8 Noyabr – Zəfər Günü münasibətilə “AzerGold” QSC tərəfindən şəhid ailələrinin üzvlərinin iştirakı ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbənin qeyd olunmasına və qəhrəmanlarımızın əziz xatirəsinin yad edilməsinə xidmət edən silsilə tədbirlər keçirilib.
Manset.az xəbər verir ki, tədbirlər çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda qeydiyyatda olan şəhid ailələrinin üzvləri üçün paytaxt Bakıya ikigünlük səfər proqramı həyata keçirilib.
Səfər çərçivəsində şəhid ailələrinin üzvləri
“AzerGold” QSC-nin rəhbərliyi və kollektivi ilə birlikdə Zəfər Muzeyini ziyarət
ediblər. “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov şəhid ailələrinin
üzvləri ilə görüşüb. Görüşdə şəhid ailələrinə dövlət səviyyəsində göstərilən
diqqət və qayğının əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, Vətənimizin ərazi
bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsinin
əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və
rifahının yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Şəhid
ailələrinə göstərilən diqqət və qayğının cəmiyyətin hər bir üzvünün mənəvi
borcu olduğu vurğulanıb, bu istiqamətdə həyata keçirilən təşəbbüslərin əhəmiyyəti
qeyd edilib.
Zəfər Muzeyində qonaqlar Qarabağ və Şərqi Zəngəzurun qədim
tarixinə, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi köklərinə, 44 günlük Vətən
müharibəsinə, “Dəmir Yumruq” əməliyyatına və Şanlı Zəfərə həsr olunmuş
ekspozisiyalarla tanış olublar. Şuşanın azad olunmasını, qəhrəmanlıq salnaməsini,
20 sentyabr 2023-cü il tarixində dövlət suverenliyimizin bərpasını, eləcə də
işğaldan azad edilmiş ərazilərdə aparılan dirçəliş və quruculuq proseslərini əks
etdirən materiallar qonaqların diqqətinə çatdırılıb.
İkigünlük proqram çərçivəsində qonaqlar, həmçinin Azərbaycan
Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı
tarixi Qələbənin simvollarından biri olan Hərbi Qənimətlər Parkında olublar. Şəhid
ailələrinin üzvləri Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq
nümunələrini əks etdirən ekspozisiyalarla yaxından tanış olub, işğaldan azad
edilmiş torpaqlarımızda aparılan döyüşlər, düşməndən qənimət götürülmüş hərbi
texnika və eksponatlar barədə ətraflı məlumat əldə ediblər.
Səfər proqramı çərçivəsində şəhid ailələri üçün Nizami
Kino Mərkəzində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Kino Agentliyi və
Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gətirilmiş “44” bədii filminin
nümayişi də təşkil olunub.
Qeyd edək ki, şəhid ailələrinə və müharibə
iştirakçılarına dəstək “AzerGold” QSC-nin korporativ sosial məsuliyyət siyasətinin
prioritet istiqamətlərindəndir. Cəmiyyət bu kateqoriyadan olan şəxslərin sosial
rifahının yüksəldilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və mənəvi dəstəklə
təmin olunması məqsədilə davamlı olaraq müxtəlif layihələr və təşəbbüslər, o
cümlədən görüşlər həyata keçirir.
Hazırda “AzerGold” QSC-də, onun törəmə cəmiyyətlərində
və uzunmüddətli podratçı şirkətlərdə ümumilikdə 350 şəhid ailəsi üzvü və
müharibə iştirakçısı çalışır. Bununla yanaşı, onlar Cəmiyyətin həyata keçirdiyi
təhsil, peşə hazırlığı və sosial dəstək layihələrinin əsas iştirakçılarıdır.
“AzerGold” QSC şəhid ailələrinə və müharibə
iştirakçılarına diqqət və qayğının davamlılığını təmin etməklə, onların sosial
rifahının yüksəldilməsinə, məşğulluq imkanlarının genişləndirilməsinə və cəmiyyətə
inteqrasiyasına bundan sonra da töhfə verməyi hədəfləyir.